DÜNYA
Fransa Milli Dəmir Yolları Şirkəti həftəsonuna tətil elan edib
Paris, 1 dekabr, AZƏRTAC
Fransa Milli Dəmir Yolları Şirkəti (SNCF) dekabrın 2-dən 4-dək ölkədə tətil elan edib.
AZƏRTAC xəbər verir ki, maaşların artırılmasını tələb edən hərəkata görə dekabrın ilk günlərində ictimai nəqliyyat iflic olacaq və nəqliyyatın hərəkəti ciddi şəkildə pozulacaq. Nəqliyyat üzrə dispetçerlər tətil etdikləri üçün şəhərlərarası hər 4 sürət qatarından yalnız biri dövriyyədə olacaq. SNCF əməkdaşları əməkhaqqının artırılmasını və peşənin daha yaxşı tanınmasını tələb etmək üçün bir neçə qrup həmkarlar ittifaqı ilə birlikdə tətil edir. Bir neçə ay əvvəl ictimai nəqliyyat vasitələrində sürücü çatışmazlığı və bu peşə ilə heç kəsin maraqlanmadığı qeyd edilmişdi.
Milad bayramı və Yeni il günlərində də ictimai nəqliyyat növlərində tətilin davam edəcəyi vurğulanır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris