SİYASƏT


Fransa Senatı sədrinin Ermənistanda verdiyi açıqlamalar Azərbaycan xalqının bu ölkəyə onsuz da kövrək olan etimadını daha da zəiflədir

Bakı, 25 aprel, AZƏRTAC

Fransa Senatı sədrinin Ermənistanda verdiyi açıqlamalar bu ölkəyə Azərbaycan xalqının onsuz da kövrək olan etimadını daha da zəiflədir. Bu, bir daha Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəfsiz olmadığını təsdiq edir.

Bunu AZƏRTAC-a Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib. O qeyd edib ki, Fransa Senatının sədri Jerar Larşenin söylədiyi fikirlər Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin inkişafına xidmət etməməklə yanaşı, region xalqları arasında qarşılıqlı dialoq mühitinin formalaşmasına, davamlı sülh və sabitlik formulunun tapılması səylərinə də ciddi zərbədir.

Soltan Məmmədov bildirib ki, Fransa hökuməti və parlamentinin Vətən müharibəsi günlərində nümayiş etdirdiyi qeyri-obyektiv, ədalətsiz və birtərəfli mövqe Azərbaycan xalqının yaddaşında dərin iz buraxıb. Müharibədən sonra münasibətlərin əvvəlki ruhunun qaytarılmasına ehtiyac duyulduğu bir vaxtda bu cür bəyanatların səslənməsi əlaqələrin gələcəyi haqqında nikbin düşünməyə əsas vermir: “Azərbaycan ictimai rəyində Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi tərəfsizliyinə çox ciddi və əsaslı şübhələr mövcuddur. Jerar Larşenin son açıqlaması bu şübhələrin daha da dərinləşməsinə xidmət edir. Fransa əgər həqiqətən ədalətin, haqqın tərəfindədirsə, onda niyə indiyə qədər bir dəfə də olsun 100-dən çox azərbaycanlının ölümünə və yaralanmasına səbəb olan minalanmış ərazilərin xəritəsinin təqdim olunması ilə bağlı Ermənistana qarşı hər hansı tələb irəli sürməyib? Niyə bir dəfə də olsun 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış Azərbaycan ərazilərində tarixi, dini, mədəni abidələrin məhv edilməsi ilə bağlı atılan addımlara heç bir reaksiya vermir, ancaq birtərəfli, əsassız məlumatlara istinadən Dağlıq Qarabağda erməni mədəni irsinin guya dağıdıldığı iddiası ilə çıxış edir? Niyə bu günə qədər bir dəfə də olsun 90-cı illərdə və sonrakı dövrdə girov götürülmüş azərbaycanlıların taleyi ilə maraqlanmayıb, lakin münaqişə faktiki olaraq başa çatdıqdan sonra Azərbaycan ərazisində terror törətməyə cəhd edən erməni diversantların taleyindən bu dərəcədə narahatdır? Bu suallar Azərbaycan cəmiyyətinin cavab gözlədiyi suallardır. Həm də ona görə ki, Azərbaycan dövləti və xalqı Fransadan daha çox balanslaşdırılmış, ədalətli mövqe gözləyib”.

Milli Məclisin deputatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin artıq başa çatdığını, bir çox ölkələrin postkonflikt dövrünün reallıqlarını düzgün qiymətləndirməli olduğunu vurğulayıb. Böyük dövlətlərin, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu yeni reallıqlara əsaslanaraq, Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində təşəbbüslərinə daha çox ehtiyac duyulduğunu diqqətə çatdıran Soltan Məmmədov Fransanın nümayiş etdirdiyi mövqenin gərginliyin artmasına səbəb ola biləcəyini, yeni mübahisələr və qarşılıqlı ittihamlara mövzu verəcəyini qeyd edib: “Azərbaycan ictimai rəyini narahat edən bir sual da elə budur ki, Fransa doğrudanmı regionda sülhün bərqərar olmasından narahatdır? Bu narahatlığın səbəbi nədir? Cənubi Qafqazda sülhün və sabitliyin mövcudluğu Avropanın aparıcı ölkələrindən biri olan Fransanın hansı maraqlarına uyğun deyil?”.

Soltan Məmmədov Azərbaycanı narahat edən bir çox sualların Fransa parlamentinin üzvləri ilə keçirilən görüşlərdə dəfələrlə qaldırıldığını bildirib. O, növbəti görüş və təmaslarda da bu narahatlıqların fransalı həmkarlarının diqqətinə çatdırılacağını deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.