SİYASƏT


Fransa Senatının absurd qətnaməsi beynəlxalq hüququ heçə saymağın əyani sübutudur

Bakı, 27 noyabr, AZƏRTAC

Azərbaycan əzəli-əbədi torpaqlarını erməni işğalından azad etdiyi bir vaxtda, Fransa Senatında erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsinin təqdim olunması, noyabrın 25-də müzakirə edilərək qəbul edilməsi təəssüf doğuran məqamlardandır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

O qeyd edib ki, beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olması tam şəkildə sübuta yetirilməsinə baxmayaraq, Fransa Senatının qətnaməsi işğalçılıq, təcavüzkarlıq siyasəti yürüdən, 1 milyondan artıq soydaşımızı dədə-baba yurdundan didərgin salan, mülki vətəndaşlarımızı qətlə yetirən, ekoloji terror, vandalizm aktları törədən ölkəyə - Ermənistana açıq-aydın dəstək verməyin təsdiqidir.

“İşğalçının, haqsızın yanında dayanan Fransa Senatının Azərbaycanın ünvanına yer alan saxta ittiham və böhtanları ilə dolu qətnaməsi bu ölkənin siyasəti və parlamentarizminin Ermənistan və Azərbaycan arasındakı münaqişəsinin gerçəkliklərindən nə qədər uzaq olduğunu, qərəzini, birtərəfliliyini yenidən göstərdi. Məlumdur ki, vasitəçilik missiyasını üzərinə götürən bir ölkə münaqişə tərəflərindən birinə açıq və birmənalı dəstək verə bilməz. Məsuliyyətli missiyanı öz üzərinə götürən dövlət ən azı işğala məruz qalan dövləti işğalçıdan ayırmağı bacarmalı, münaqişənin həllində çalışmalıdır. Fransa isə nə edir? Əslində, Fransa havadarlarına güvənən bədnam Ermənistanın işğalçılıq siyasəti yürütməklə özünü necə rəzil duruma saldığını, regionda sülh və sabitliyə ən böyük əngəl olduğunu yaxşı bilir. Fransa yenə də işğalçı ölkənin yanında yer alır, hətta qərəzli, əsası olmayan qətnamələr qəbul edir. Beynəlxalq hüquq və normaların, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əksinə olaraq, Fransa Senatının Ermənistanın işğalçılıq siyasətini dəstəkləməsi, Qarabağı təktərəfli tanınması ilə bağlı əsassız qətnaməsi qərəzli mövqenin növbəti nümunəsidir. Daha doğrusu, bu cılız qətnamə erməni diasporunun yardımlarından qaynaqlanır, məqsədyönlü şəkildə həyata keçirilir”, - deyə deputat bildirib.

Vurğulanıb ki, işğalçının yanında olan, ədaləti, haqqı görmək istəməyən ölkənin ATƏT-in Minsk qrupunun tərkibində yer alması da sual doğurur. ATƏT-in Minsk qrupunun tərkibi dəyişdirilməli, siyasi mənafelərini erməni lobbisindən güc alan ölkə bu təşkilatdan birdəfəlik uzaqlaşdırılmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.