DÜNYA
Fransa XİN: Emmanuel Makron hələlik seçkilərdə namizədliyini irəli sürməyib
Bakı, 18 fevral, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makron beynəlxalq vəziyyətin tənzimlənməsi ilə məşğul olduğu üçün hələ ki, seçkilərdə namizədliyini irəli sürməyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Prezident seçkilərində namizədlərin perspektivləri barədə keçirilən sonuncu ictimai rəy sorğusu Fransa dövlət başçısının 24 faiz səslə rəqiblərini xeyli arxada qoyduğunu göstərib. Reytinqdə Emmanuel Makronun ardınca gələn sağ “Milli birlik” partiyasının lideri Marin Le Pen 15 faiz, sağ mərkəzçi “Respublikaçılar” partiyasının namizədi Valeri Pekress 14 faiz, ifrat sağ təmayüllü “Reconquete” partiyasının rəhbəri Erik Zemmur 13,5 faiz, “Fəth olunmayan Fransa” partiyasının lideri Jan-Lyuk Melanşon isə 10,5 faiz səs toplayıb.
Qeyd edək ki, Fransada prezident seçkiləri iki turda keçiriləcək. Birinci tur aprelin 10-na, ikinci tur isə aprelin 24-nə təyin olunub.