DÜNYA
Fransa həkimləri ölkədə qapalı karantin rejiminə keçməyi vacib hesab edirlər

Paris, 30 mart, AZƏRTAC
Tam qapalı karantin rejiminin tətbiq olunması aprelin 8-ə saxlanılarsa, yenidən başgicəlləndirici rəqəmlərlə üzləşəcək, tələbata cavab verə bilməyəcəyik. Reanimasiyada ən çox fayda verəcəyini düşündüyümüz xəstələri qəbul edəcəyik. Bəs digər xəstələr? Mütəxəssis, reanimasiya şöbəsinin həkimləri kimi belə son dərəcə ağır sanitar vəziyyətlə bağlı məsuliyyəti üzərimizə götürmək istəmirik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransanın Sen Antuan xəstəxanasının reanimasiya şöbəsinin müdiri yerli televiziya kanalına müsahibəsində deyib. Bildirib ki, tam qapalı karantin rejiminin aprelin 12-də tətbiq edilməsinə başlanılarsa, pik vəziyyət ötən ilin aprelin 12-dəki səviyyədə olacaq. Xəstəxanalarda reanimasiya şöbələrindən əlavə digər palatalar da oksigen vasitələri ilə təmin olsa belə, xəstə seçimi etməyə məcbur olacaqlarını həkimlər bilir.
Qeyd edib ki, yanvar ayından siyasi qərarlar qəbul edilir, səhiyyə sahəsində alimlərin fikri nəzərə alınmır. Qəbul edilmiş siyasi qərarlar sanitar vəziyyətin tələblərinə uyğun gəlmir. Reanimoloq planlaşdırılmış cərrahiyyə əməliyyatlarının təxirə salınmasının da düz qərar olmadığını diqqətə çatdırıb. Vurğulayıb ki, xərçəng xəstəsinin cərrahiyyə əməliyyatını saxlayıb, ona kimyaterapiya edilməsi yaxşı hal deyil.
Paris AP-HP xəstəxanasında keçirilən böhran iclasdan sonra sanitar vəziyyətin getdikcə daha kəskinləşdiyi qeyd edilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris