SİYASƏT


Fransa hökumətinin məsləhətçisi: Azərbaycanda dini icmalar arasındakı qardaşlıq münasibətləri böyük dəyərdir

Bakı, 24 aprel, AZƏRTAC 

Aprelin 24-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Fransa hökumətinin Azərbaycanda səfərdə olan dini işlər üzrə məsləhətçisi Jan-Kristof Posel ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, A.Paşazadə bu yaxınlarda Parisin Notr-Dam kilsəsində baş vermiş yanğından təəssüf hissi keçirdiyini, bu məşhur və möhtəşəm tarixi abidənin tezliklə bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacağına ümidvar olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan dindarları bu işə maddi və mənəvi dəstək verməyə hazırdırlar.

QMİ sədri Azərbaycan dövlətinin beynəlxalq müstəvidə dinlərarası və sivilizasiyalararası əməkdaşlıq prosesinə verdiyi əməli töhfələrdən bəhs edib. Multikulturalizmin ölkəmizdə dövlət siyasəti olduğunu bildirən şeyxülislam Allahşükür Paşazadə dövlətimizin başçısının bu istiqamətdə ardıcıl siyasi iradə nümayiş etdirdiyini, qlobal əhəmiyyətli multikulturalizm və həmrəylik ideyalarını irəli sürdüyünü xüsusi qeyd edib. A.Paşazadə 2017-ci ilin sonunda QMİ-nin nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin də bu mərama xidmət etdiyini vurğulayıb.

Azərbaycanın multikultural dövlət modelinin beynəlxalq aləmdə tanıdılmasına xidmət edən və dünyanın bir çox dövlətlərində keçirilmiş beynəlxalq konfranslar barədə məlumat verən QMİ sədri bu xüsusda iyun ayında Avstriyanın paytaxtı Vyanada keçiriləcək, Fransa təmsilçilərinin də qatılacağı növbəti beynəlxalq forumdan bəhs edib.

A.Paşazadə bildirib ki, dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim və ziyalıları arasında səmərəli fikir mübadiləsinin aparılması üçün ənənəvi məkana çevrilən Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyalar arasında əməkdaşlığın genişlənməsinə, eləcə də qarşılıqlı etimad mühitinin formalaşdırılması işinə böyük töhfələr verməkdədir. Azərbaycan Prezidentinin Sərəncamı ilə bu il noyabrın 14-15-də “Dünya dini liderlərinin II Bakı sammiti” keçiriləcək. Şeyxülislam 2010-cu ildə dünya dini liderlərinin Bakıda keçirilmiş ilk sammitinin davamı olacaq bu tədbirin qloballaşan dünyanın müasir çağırışlarının, aktual problemlərinin həllinə Azərbaycan dövlətinin daha bir dəyərli töhfəsi olacağına ümidvar olduğunu bildirib.

Bakıya ilk dəfə 1998-ci ildə səfər etdiyini xatırladan fransalı qonaq ötən müddət ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini bildirib. Azərbaycandakı dini icmalar arasında müşahidə etdiyi səmimi qardaşlıq münasibətlərinin böyük dəyər olduğunu bildirib.

Görüşdə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez də iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.