SİYASƏT


Fransa mediası: Azərbaycanlı məcburi köçkünlərin Qarabağa Böyük Qayıdışı başlayır

Paris, 13 may, AZƏRTAC

Bu ilin yanvarından etibarən Azərbaycan hökuməti işğaldan azad olunmuş torpaqlara müntəzəm avtobus səfərləri təşkil etməyə başlayıb. Bu səfərlər rəsmi Bakının Böyük Qayıdış planının ilk mərhələsidir.

Qarabağın mədəniyyət beşiyi Ağdama və Şuşaya gedən avtobuslar həftədə iki dəfə səfərə çıxırlar ki, bu da ziyarətçilərin köhnə evlərini yenidən görmək imkanı verir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər son günlər Fransanın bir çox xəbər saytlarında dərc olunan “Azərbaycanlı məcburi köçkünlərin Qarabağa Böyük Qayıdışı başlayır” sərlövhəli məqalədə yer alıb.

Məqalənin mövzusu əsasən Ağdamdan olan məcburi köçkünlərlə müsahibələr əsasında qurulub. Torpaqlarımızın 30 il davam edən işğalına görə doğma evlərindən didərgin düşmüş azərbaycanlı məcburi köçkünlər yenidən bu torpaqlara qayıdır və zor gücünə tərk etdikləri evlərini ziyarət edirlər. Azərbaycanlı məcburi köçkünlər müsahibələrində yaşadıqları əziyyətlərdən, doğma torpaq nisgilindən danışırlar. Otuz ildən sonra doğma evlərinə qayıdan insanlar yaşadıqları həyəcanlı anları bölüşürlər.

Məqalədə qeyd edilir ki, Azərbaycan hökuməti enerji ehtiyatlarından əldə olunacaq gəlirləri regionun yenidən qurulmasına xərcləyəcək.

Diqqətə çatdırılır ki, bununla belə, onilliklər ərzində davamlı olaraq yenidən alovlanan münaqişə zamanı törədilmiş dağıntıların miqyasını və minaların yaratdığı təhlükələri nəzərə alsaq, Böyük Qayıdış uzaq perspektiv olaraq qalır. Sakinlər israrla bildirirlər ki, nə qədər zaman tələb olunsa da, Ağdama mütləq qayıdacaqlar. Çünki onlar burada yaşamaq istəyirlər.

Məqalədə, həmçinin vurğulanır ki, Ermənistanın bu torpaqlarda basdırdığı minalara görə Böyük Qayıdış bir qədər yubanır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.