İDMAN


Fransa millisi mundialın dörddəbir final mərhələsində

Bakı, 4 dekabr, AZƏRTAC

Futbol üzrə Fransa millisi Qətərdə keçirilən dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib.

AZƏRTAC xəbər verir ki, turnirin pley-off mərhələsində Polşa milli komandası ilə qarşılaşan Fransa yığması 44-cü dəqiqədə hesabı açıb. Olivye Jiru fərqlənməklə komandasını hesabda önə keçirib. Fransa seçməsi fasiləyə minimal üstünlüklə yollanıb.

“Al Tumama” stadionunda oynanılan matçın 74-cü dəqiqəsində fransalı hücumçu Kilian Mbappe ikinci topu Polşa millisinin qapısından keçirib. Görüşün 91-ci dəqiqəsində K.Mbappe dubl edib. İkinci hissəyə əlavə edilmiş vaxtın sonuncu dəqiqəsində Fransa millisinin qapısına təyin olunmuş penalti zərbəsini Robert Levandovski dəqiq yerinə yetirərək Polşa millisinin təsəlli qolunu vurub. Beləliklə, Fransa millisi 3:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə vəsiqəni təmin edib.

Fransa komandası dörddəbir final mərhələsində İngiltərə - Seneqal matçının qalibi ilə qarşılaşacaq. İngiltərə - Seneqal oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, artıq Niderland və Argentina seçmələri dörddəbir finala vəsiqə qazanıb və bir-birinə rəqib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.