İDMAN
Fransa millisinin Tunis yığmasının qapısına vurduğu qol ləğv olunub
Bakı, 30 noyabr, AZƏRTAC
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında D qrupunun sonuncu turunda oynanılan Tunis-Fransa görüşündə kuryoz hadisə baş verib.
AZƏRTAC xəbər verir ki, Fransa millisinin üzvü Antuan Qrizmanın matçın 98-ci dəqiqəsində vurduğu qol oyun başa çatdıqdan sonra ləğv edilib. Matçın ABŞ-dan olan baş hakimi Metyu Konger əvvəlcə qolu qeydə alsa da, görüş başa çatdıqdan sonra VAR sistemi ilə epizoda yenidən baxılıb. Nəticədə oyundankənar vəziyyət qeydə alınıb və qol sayılmayıb. Lakin bu, Tunis yığmasının qrupdan çıxması üçün kifayət etməyib. Tunis millisi 1:0 hesabı ilə qələbə qazansa da, 4 xalla qrupda üçüncü pillədə qərarlaşıb. Bu qrupdan pley-off mərhələsinə hər birinin aktivində 6 xal olan Fransa və Avstraliya milliləri yüksəlib. Danimarka yığması isə 1 xalla qrupda sonuncu olub.