SİYASƏT


Fransa parlamentinin qətnamələri Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil - ŞƏRH

Fransa parlamentinin qətnamələri Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil -   ŞƏRH

Bakı, 1 dekabr, AZƏRTAC

Əgər Fransa parlamenti hesab edirsə ki, bu cür yalan və iftira dolu qətnamələr qəbul etməklə Azərbaycan dövlətinin siyasi iradəsinə təsir göstərə biləcək, o, qəti olaraq yanılır. Onların qəbul etdikləri qətnamələr, verdikləri bəyanatlar əhəmiyyətsizdir və Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil. Fransa tərəfi belə ləyaqətsiz mövqe tutmaqla Ermənistanın danışıqlar masasındakı mövqeyini gücləndirməyə çalışır. Amma Fransa bunu bacarmır və heç zaman istəyinə çata bilməyəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O qeyd edib ki, Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamədə Azərbaycanı Ermənistana təcavüzdə ittiham etməsi isə ümumiyyətlə absurd və gülüncdür. Bütün dünya yaxşı bilir ki, işğalçı ölkə Ermənistandır. Bu ölkənin cinayətkar hərbi-siyasi rəhbərliyi Azərbaycanın suveren ərazilərini 30 ilə yaxın işğal altında saxlamaqla bölgədə sülhə və təhlükəsizliyə ciddi təhdidlər yaradıb. Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmaqla suverenliyini, ərazi bütövlüyünü bərpa edib. Təəssüf ki, Ermənistanın işğalçılıq və separatçılıq siyasəti bu gün də davam edir. Paşinyan hakimiyyəti Azərbaycanla münasibətləri normallaşdırmaqdan və sülh müqaviləsi imzalamaqdan nümayişkaranə şəkildə yayınır. Beynəlxalq dairələr isə Ermənistana heç bir təzyiq göstərmir. Azərbaycana açıqcasına düşmənçilik münasibəti bəsləyən Fransa rəhbərliyi və ona bənzər bəzi mənfur qüvvələr yaxşı olar ki, bu məqamlara münasibət bildirsinlər. Amma biz bunun əksini görürük. Bütün bunlar Azərbaycana qarşı təxribatdır, ölkəmizin milli maraqlarına, dövlətçiliyimizə, ərazi bütövlüyümüzə hörmətsizlikdir.

Siyasi şərhçi vurğulayıb ki, Fransa parlamentinin yalan və iftira dolu qətnamələri, eyni zamanda, beynəlxalq hüququn da ayaq altına atılmasıdır. Bu gün bir daha əmin oluruq ki, Fransa bölgədə sülhün əldə edilməsində maraqlı deyil. Makron hakimiyyəti Ermənistandan alət kimi istifadə etməklə vəziyyəti gərginləşdirməyə və yeni müharibə ocağı yaratmağa çalışır. Bununla Fransa dünyada onsuz da zəifləyən nüfuzuna xələl gətirir, özünü hörmətdən salır. Azərbaycan güclü və qüdrətli ölkə kimi bütün mənfur planların qarşısını qətiyyətlə almağa hazırdır. Əgər Azərbaycan Ordusu Ermənistanın təxribatlarına qarşı yeni hərbi əməliyyatlara başlasa, heç şübhəsiz, düşməni darmadağın edəcək. İtirən tərəf bu dəfə də Ermənistan olacaq. Fransa bunu yaxşı bilməli, vəziyyəti düzgün qiymətləndirməli və qızışdırıcı mövqeyindən əl çəkməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.