İQTİSADİYYAT
Fransa portalı: İndiki çətin vəziyyətdə Azərbaycan iqtisadi inkişaf kursunu davam etdirir
Paris, 7 avqust, AZƏRTAC
Sanitar böhranın tüğyan etdiyi bir vaxtda böyük dövlətlər arasındakı təsir imkanları gündəmin əsas xəbərləridir. Belə bir çətin vəziyyətdə Azərbaycan qoşulmama siyasətini qoruyub saxlayır və yeni İpək yollarına əsaslanaraq iqtisadi inkişaf kursunu davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransanın “Portail-ie.fr” portalında dərc olunmuş “Azərbaycan yeni İpək yolunun qovuşuğunda” sərlövhəli məqalədə yer alıb.
Məqalədə Dağlıq Qarabağın bölgəsinin azərbaycanlı icmasının rəhbəri və deputat Tural Gəncəliyevlə müsahibəyə geniş yer verilib.
Bildirilib ki, böyük güclərin beynəlxalq səhnədəki rəqabətinə və qlobal iqtisadi tənəzzülə baxmayaraq, Azərbaycan müxtəlif, hətta bəzən maraqları toqquşan ölkələrlə sıx əlaqələr saxlayaraq qoşulmama siyasəti yürüdür. Azərbaycanın coğrafi vəziyyəti onun üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan milli iqtisadi inkişafına, Asiya və Avropa arasında malların daşınmasına xidmət edəcək yeni İpək Yolu layihəsində mühüm mərhələdir.
Qeyd edilib ki, coğrafi mövqeyi sayəsində yeni İpək Yolu layihəsində strateji ölkə kimi mövqe tutan Azərbaycan, həmçinin malların qısa müddət ərzində Xəzər dənizi vasitəsilə Qazaxıstandan bu ölkəyə və buradan Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya çatdırılmasına imkan yaradır.
Diqqətə çatdırılıb ki, Azərbaycanın həyata keçirdiyi layihələrin əsas məqsədi regionun iqtisadi inkişafını təmin etməkdir. Ölkəmiz nəqliyyat infrastrukturunun inkişafı sahəsində bir çox Avropa ölkələri ilə əməkdaşlıq edir.
Məqalədə Azərbaycanın sərmayə qoymaq baxımından cəlbediciliyindən söz açılıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş islahatların həyata keçirildiyi, şəffaflıq və hesabatlılığın bütün sahələrdə artdığı vurğulanıb. Bildirilib ki, Azərbaycan yeni inkişaf mərhələsinin astanasındadır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan T.Gəncəliyev bildirib ki, Azərbaycanın məqsədi ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində münaqişənin ədalətli həllinə nail olmaqdır. 1992-ci ildə imzalanan Helsinki Yekun Aktından söz açan T.Gəncəliyev vurğulayıb ki, Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının birgə dinc yaşayışı ilə regionda davamlı sülh mümkündür. Əsas məqsəd işğal altındakı ərazilərin azad edilməsidir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris