İQTİSADİYYAT
Fransa portalı ölkəmizdə investisiya yatırma imkanlarından yazıb
Paris, 7 aprel, AZƏRTAC
Fransanın “Carnets du Business” portalında “Qafqaz, yeni İpək Yolunun kəsişməsindəki imkanlar diyarı” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Qafqazın üç ölkəsinin iqtisadi imkanları müqayisəli şəkildə təqdim edilir. Azərbaycanın Qafqazın ən inkişaf etmiş ölkəsi olduğu bildirilir. Ölkəmizin zəngin sənaye infrastrukturlarından bəhs olunaraq onun böyük investisiyalar məkanı olduğu diqqətə çatdırılır.
Yazıda infrastruktur və sənaye sektorunun inkişafı məqsədilə Sumqayıt, Balaxanı, Pirallahı və Mingəçevirdə böyük texnoloji zonalar və parklar salınmasından, ölkə iqtisadiyyatında sənayenin əhəmiyyətli yer tutduğundan söhbət açılır. Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı beynəlxalq layihələrdən, fransız şirkətlərinin ölkəmizdəki fəaliyyətindən bəhs edilir.
Azərbaycanın Qafqazda təbii ehtiyatlarla ən zəngin ölkə olduğu diqqətə çatdırılır. Ölkəmizdə iqtisadiyyatın şaxələndirməsindən, neft-kimya sənayesinin inkişafından, kənd təsərrüfatının yenidən dirçəldilməsindən danışılır.
Ölkəmizdə yeni texnologiyalara verilən önəm vurğulanaraq, Pirallahı və Mingəçevir yüksək texnologiyalar parkları haqqında məlumat verilir.
Məqalədə investisiya qoyuluşları sahəsində ölkəmizdəki mövcud əlverişli imkanlardan da bəhs olunur.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris