SİYASƏT


“La Gazette” portalı professor Elçin Əhmədovun Şuşanın tarixindən bəhs edən müsahibəsini yayıb VİDEO

Bakı, 19 avqust, AZƏRTAC

“La Gazette” portalı azərbaycanlı professor Elçin Əhmədovun Şuşanın tarixi ilə bağlı müsahibəsini yayıb.

AZƏRTAC xəbər verir ki, “Professor Əhmədov 30 il sonra doğma şəhərinə qayıdır” materialda azərbaycanlı elm xadiminin doğma yurduna qayıdışından və şəhərin qədim tarixindən bəhs edilir. Şuşada anadan olmuş professor Elçin Əhmədov şəhərin Ermənistan silahlı birləşmələrinin işğalından azad edilməsindən sonra Azərbaycanın mədəniyyət paytaxtının qədim tarixi yerləri və memarlıq abidələri haqqında geniş müsahibə verib.

Şuşadan hazırlanmış silsilə müsahibənin birinci hissəsində Qarabağ xanlığının əsas paytaxtındakı qalaların salınmasından danışılır. Elçin Əhmədov qeyd edir ki, Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşir olub. Həmin dövrdə Pənahəli xan Sarıcalı-Cavanşir strateji əhəmiyyətli müdafiə qalalarının tikilməsini lazım bilib, bu sahədə ilk addımlardan biri kimi qədim Azərbaycan-türk tayfası bayatların adı ilə bağlı olan Bayat qalasını inşa etdirib. Beləliklə, Pənahəli xan Cavanşir 1748-ci ildə Ağcabədi yaxınlığındakı Kəbirli mahalında Qarabağ xanlığının ilkin paytaxtı olan Bayat qalasının bünövrəsini qoyub. Bununla yanaşı, o dövrdə baş vermiş Bayat döyüşü bu qalanın gələcək tarixi sınaqlara tab gətirməyəcəyini üzə çıxarıb. Bu baxımdan, professor tarixi mənbələrə əsasən bildirib ki, yeni qalanın salınmasına çox böyük ehtiyac var idi. Bayat qalasının strateji mövqeyi zəif, ərazinin iqlimi isti olduğundan orada uzun müddət böyük hərbi qüvvə saxlamaq mümkün deyildi. Bu səbəbdən Pənahəli xan tərəfindən Ağdamın 10 kilometrliyində yerləşən və “Şah bulağı” adı ilə məşhur olan bulağın yanında inşaat işlərinə başlanılıb və kiçik qala-şəhər inşa edilib. Diqqətə çatdırılıb ki, Pənahəli xanın iqamətgahını Bayat qalasından Şahbulaq qalasına köçürməsi XVIII yüzilliyin 50-ci illərinə təsadüf edir. 1749-1750-ci illərdə Tərnəküt adlandırılan ərazidə, “Şah bulaq”dan yuxarıda Şərq memarlıq üslubunda, orta əsr qalalarına məxsus əzəmətli görünüşdə məşhur Şahbulaq qalası inşa olunmuşdu. Qalanın tikintisində yerli inşaat materialları olan əhəngdən və dağ daşlarından istifadə edilmişdi.

Elçin Əhmədov qeyd edib ki, daha sonra isə Pənahəli xan yeni, etibarlı paytaxt yaratmaq üçün dəniz səviyyəsindən 1500-1600 metr yüksəklikdə yerləşən, sıldırım qayalarla əhatə olunmuş və alınmaz qalanı xatırladan strateji əhəmiyyətli yeri seçib. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlanıb və həmin əsrin sonrakı illərində qala divarlarının inşası davam etdirilib. Qarabağ xanı Pənahəli xan 1752-ci ildə Şuşanı paytaxt elan edərək oranı möhkəmləndirib və qala-şəhərə çevirib.

Sonda Qarabağ tarixçilərinin məlumatına əsaslanan professor Şuşa şəhərinin əsas qala qapıları - Gəncə, İrəvan və Ağoğlan qapıları haqqında məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.