SİYASƏT
Fransa portalında Azərbaycan səfirinin müsahibəsi dərc edilib VİDEO
Paris, 16 dekabr, AZƏRTAC
Fransanın “Smartrezo” portalında Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayev ilə müsahibə dərc edilib.
AZƏRTAC xəbər verir ki, müsahibədə Dağlıq Qarabağ münaqişəsinin tarixi, eləcə də 44 günlük müharibə, Azərbaycanın zəfəri haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, sovet Azərbaycanı dövründə Qarabağda azərbaycanlı və erməni icmalarından başqa digər etnik və dini icmaların nümayəndələri də yaşayıb. Qarabağ çox mədəniyyətli və çox konfessiyalı region olub. Ancaq 1988-ci ildə erməni silahlı qüvvələri bu regionda yaşayan digər azlıqları doğma evlərindən qovub. Bu gün 750 min məcburi köçkün doğma evinə qayıtmağı gözləyir.
Qeyd edilib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal altındakı torpaqlarından erməni silahlı qüvvələrinin tam, qeyd-şərtsiz və dərhal çıxmasını tələb edən 4 qətnamə qəbul edib.
Ancaq Minsk qrupu ölkələrinin səylərinə baxmayaraq, münaqişə həllini tapmadı. Beynəlxalq hüquqda əksini tapan özünü müdafiə hüququndan istifadə edərək Azərbaycan torpaqlarını azad edib.
Müsahibədə noyabrın 10-da imzalanmış atəşkəs razılığı sənədindən söz açılaraq, Rusiyanın rolu qeyd edilib. Fransa Minsk qrupunun həmsədri kimi neytral qalmalı olsa da, bəzi siyasi partiyaların qərəzli qətnamə və bəyanat səsləndirməsindən danışılıb.
Azərbaycanı “cihadçılar”dan istifadə etməkdə günahlandıranların heç bir sübut tapmadıqları, ancaq erməni mənşəli fransız vətəndaşlarının qanuna zidd olaraq Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşlərdə iştirak etdiyi və bununla bağlı təhqiqatlar başladığı deyilib. Fransa dövləti və hökumətinin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasına dair bəyanatlarının ölkəmiz tərəfindən qiymətləndirildiyi bildirilib. Azərbaycan və Fransa arasında imzalanan əməkdaşlıq müqaviləsi diqqətə çatdırılıb.
Müsahibədə Türkiyə ilə bağlı suallara cavab verilərək, onun ölkəmizə siyasi və mənəvi dəstəyi yüksək qiymətləndirilib.
Azərbaycan-Fransa münasibətlərinə toxunularaq vurğulanıb ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında Fransa ölkəmizlə əməkdaşlığın inkişafında maraqlı olduğunu göstərməlidir.
Azərbaycanın Qafqazda sülhün bərqərar olmasında maraqlarından da söz açılıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris