DÜNYA
Fransa prezidenti koronavirusun qarşısını almaq üçün yeni məhdudiyyətləri açıqlayıb
Paris, 1 aprel, AZƏRTAC
Artıq bir ildir ki, sınaq davam edir. 4,5 milyon fransız virusa yoluxub və tezliklə kədər içində olan ailələrin sayı 100 min olacaq. Üç prinsip- təhlükəsizlik, tarazlıq və məsuliyyət bizi strategiyamızı daha da möhkəmləndirməyə sövq etdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron Yelisey sarayından ölkədə sürətlə yayılan koronavirusun qarşısını almaq üçün yeni məhdudiyyət qaydaları ilə bağlı xalqa müraciətində deyib.
E.Makron son həftələr sanitar vəziyyətin daha da kəskinləşdiyini bildirərək, virusa qarşı xalqı birgə mübarizəyə çağırıb. Bildirib ki, ölkədə məktəblər, uşaq bağçaları və körpələr evləri cümə günündən etibarən 3 həftə, kollec və liseylər isə 4 həftə müddətinə bağlanacaq, ölkənin 19 departamentində tətbiq olunan məhdudiyyət qaydaları bütün ölkə ərazisində qoyulacaq. Regionlararası gediş-gəliş aprelin 5-dən qadağan olunacaq. Bütün sahələrdə distant işləməyə üstünlük veriləcək.
Mayın 3-dən təhsil ocaqları, 15-dən isə restoran və digər sahələrin açılacağı bildirilir.
Ölkənin üzləşdiyi koronavirus böhranından çıxmasının yeganə çıxış yolunun peyvənd kampaniyasının sürətləndirilməsi olduğu vurğulanıb.
Aprelin 1-də Baş nazir Jan Kasteksin parlamentdə dinləmələrdən sonra ölkədəki məhdudiyyət qaydaları haqqında ətraflı məlumat verəcəyi gözlənilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris