CƏMİYYƏT


Fransa radiosu Azərbaycan haqqında veriliş yayımlayıb

Paris, 7 noyabr, AZƏRTAC

Fransanın “Radio Grand Ciel” radiosu Azərbaycan haqqında veriliş yayımlayıb.

AZƏRTAC xəbər verir ki, verilişin aparıcısı Alain Romestainq qədim İpək Yolu üzərində yerləşən Azərbaycanın Avropa ilə Asiya arasında körpü rolu oynamasından söz açıb. Bildirib ki, enerji resursları ilə zəngin olan Azərbaycan iqtisadiyyatın şaxələndirilməsinə, turizmin inkişafına xüsusi diqqət yetirir. Aparıcı ölkəmizin iqtisadi göstəriciləri barədə ətraflı məlumat verib.

Verilişdə böyük beynəlxalq tədbirlərə ev sahibliyi edən Bakıda 2020-ci ildə futbol üzrə Avropa çempionatının final oyunlarının keçiriləcəyi diqqətə çatdırılıb. Dünyəvi ölkə olan Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin mehriban yaşamalarından danışılıb. Ölkəmizdə gender bərabərliyi, qadınların cəmiyyətdə yeri və rolu, təhsilin, elmin və mədəniyyətin inkişafına verdikləri töhfələr, onlara göstərilən dövlət qayğısı haqqında məlumat verilib. Azərbaycanda qadın hüquqlarının inkişafı tarixindən bəhs edilərkən onlara hələ 1918-ci ildə səsvermə hüququnun verildiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu gün Azərbaycanda qadınlar ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurla fəaliyyət göstərirlər.

Verilişdə, həmçinin Azərbaycan mətbuatının keçdiyi yol, jurnalistika sahəsində qadınların kişilərlə çiyin-çiyinə çalışmaları barədə fikirlərə yer verilib. Bundan başqa, Azərbaycan-Fransız Universitetinin baş katibi Şarlot Payenin Azərbaycan qadınının cəmiyyətdə rolu və nüfuzu barədə fikirləri əksini tapıb.

Aparıcı gələn ay yayımlanacaq növbəti verilişdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyon azərbaycanlı qaçqın və məcburi köçkündən danışılacağını bildirib.

Bir saat davam edən verilişdə Azərbaycan musiqiləri də səsləndirilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.