SİYASƏT
Fransa senatoru fəaliyyəti ilə bağlı hesabatında Azərbaycana da yer ayırıb
Bakı, 17 yanvar, AZƏRTAC
Fransa Respublikasının senatoru, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü xanım Natali Qule 2015-2016-cı illər üzrə senatorluq fəaliyyətinə dair hesabatını təqdim edib.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, senator ötən 2 il ərzində Fransa Senatının beynəlxalq əlaqələr komitəsinin üzvü kimi göstərdiyi fəaliyyəti şərh edərək hesabatında Fransa-Azərbaycan münasibətlərinə də geniş yer ayırıb.
Normandiya regionunun Orn departamentinin senatoru Natali Qule hesabatında Azərbaycanla Fransa arasında əməkdaşlığın qarşılıqlı və faydalı olduğunu vurğulayır. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanın Aşağı Normandiya Regionunun Mirasları Fonduna göstərdiyi dəstəyi və Heydər Əliyev Fondu tərəfindən Fransada Azərbaycanın tanıtımı üzrə çoxsaylı mədəni-kütləvi tədbirlərin həyata keçirməsini ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı kimi xarakterizə edir.
Roma Papasının 2016-cı ilin oktyabr ayında ölkəmizə səfərinə xüsusi diqqət çəkən senator əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycanın Vatikanla da sıx əlaqələri olduğunu və əməkdaşlıq etdiyini vurğulayıb. Azərbaycan tərəfindən Vatikanda bir sıra dini abidələrin bərpası üzrə layihələrin gerçəkləşdirilməsini xanım Qule Azərbaycanda mövcud dini tolerantlığın və multikulturalizmin bariz nümunəsi kimi səciyyələndirib. Çoxmillətli ölkə olan Azərbaycanda siyasi və iqtisadi sabitliyin mövcudluğunu qeyd edən senator ölkədə həyata keçirilən genişmiqyaslı iqtisadi, siyasi islahatların ölkələrimiz arasında münasibətlərin davamlı inkişafına yeni töhfələr verəcəyinə inamını ifadə edib.