İQTİSADİYYAT
Fransa şirkəti ilə Bakı-Böyük Kəsik dəmir yolu dəhlizi ilə bağlı görülən tədbirlər müzakirə olunub
Bakı, 27 may, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Fransanın “Bombardier” şirkətinin nümayəndə heyəti ilə Bakı-Böyük Kəsik dəmir yolu dəhlizi ilə bağlı görülən tədbirlər müzakirə edilib.
“Azərbaycan Dəmir Yolları”nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə QSC-nin sədri Cavid Qurbanov Azərbaycan dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.
Söhbət zamanı Dünya Bankının layihəsi çərçivəsində Bakı-Böyük Kəsik dəmir yolu dəhlizində 25kV 50Hz enerji sisteminə uyğun rabitə və digər əlaqəli komponentlər daxil olmaqla işarəvermə sisteminin layihələndirilməsi, təchizatı və quraşdırılması məsələsi müzakirə obyektinə çevrilib.
Bildirilib ki, podratçı təşkilat – “Bombardier-TransSignalRabitə BM” (İsveçrə-Rusiya- Azərbaycan) şirkəti tərəfindən bu istiqamətdə indiyədək 1, 2 və 3-cü hissələr üzrə işçi layihələr hazırlanıb. İlk növbədə dəmir yolunun Böyük Kəsik-Gəncə sahəsində işlərə başlanılıb. Böyük Kəsik-Ağstafa hissəsində 13 stansiyadan 5-də işlərin artıq 80 faizə qədəri görülüb. Digər 4 stansiyada bu proseslərlə əlaqədar hazırlıq işləri aparılır. Tövsiyə olunub ki, podratçı şirkət ehtiyatlarını artırmalı, iki və ya üç hissədə eyni vaxtda işə başlamalı və işi müqavilə şərtlərinə uyğun olaraq, vaxtında icra etməlidir.