DÜNYA


Fransada 700 nəfər diplomata tətilə çıxmaq üçün çağırış edilib

Paris, 19 may, AZƏRTAC

Fransa Xarici İşlər Nazirliyinin Həmkarlar İttifaqının altı təşkilatı iyunun 2-də “Quai d'Orsay” tədricən yoxa çıxır” şüarı ilə tətilə çağırış edib. Tətilə “islahatlar uçqunu”, yəni Fransa diplomatik korpusunun fəaliyyətinin dayandırılmasına narazılıq səbəb göstərilir.

AZƏRTAC xəbər verir ki, ölkənin həmkarlar ittifaqının rəhbəri Olivye dö Silva Fransa Xarici İşlər Nazirliyinin işçilərinin 2003-cü ildə də tətilə qoşulduqlarını qeyd edib.

2023-cü ilə qədər həyata keçiriləcək islahatlara görə Fransa tarixi diplomatik korpusu və səlahiyyətli müşavirlər artıq fəaliyyət göstərməyəcək. Fransa Prezidenti Emmanuel Makronun islahatlarına görə artıq yüksək səviyyəli dövlət qulluqçuları konkret administrasiyaya bağlı olmayacaqlar. Onlara karyeraları boyu müntəzəm olaraq işlərini dəyişmək təklif olunacaq. Məhz bu islahatlara etiraz əlaməti olaraq diplomat karyerası olan təxminən 700 nəfərə tətilə qoşulmaq üçün çağırış edilib.

“Figaro”ya açıqlama verən və adının mətbuata açıqlanmasını istəməyən fransız səfirlərdən biri deyib: “Çox narahatıq, bizi əvəz etmək olmaz. Diplomatlar haqqında “dövlətin pulunu oğurlayan tənbəl padşahlar” kimi pis təsəvvürlər yaradılıb, ancaq əslində, onlar respublika idarəçiliyinə çox bağlı olan dövlət qulluqçularıdır”. Qeyd olunub ki, müharibənin Avropaya yenidən qayıtdığı bir vaxtda belə islahatların həyata keçirilməsi diplomatik mexanizmlərin aradan çıxarılmasına səbəb olur.

Xatırladaq ki, Fransa ABŞ və Çindən sonra dünyada üçüncü ən böyük diplomatik şəbəkəyə malikdir. Rəsmi məlumatlara görə, Xarici İşlər Nazirliyinin 14 minə yaxın işçisi var.

 

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.