SİYASƏT
Fransada Azərbaycanla bağlı növbəti radio verilişi səsləndirilmişdir
Paris, 4 aprel (AZƏRTAC). Ayda bir dəfə Azərbaycanla bağlı fransız dilində efirə çıxan radio proqramının növbəti verilişi səsləndirilmişdir. İki saatlıq verilişin əvvəlində Strasburqda fəaliyyət göstərən Azərbaycanla Mədəni Əlaqələr, Fransadakı Azərbaycanlı Tələbələr və Azərbaycan Mədəniyyəti cəmiyyətlərinin martın 8-də erməni snayperinin Ağdamın Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovu qətlə yetirməsinə etiraz əlaməti olaraq birgə bəyanatı oxunmuşdur.
Bəyanatda bu hadisənin Rusiya Prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Soçidəki görüşlərindən iki gün sonra baş verdiyi, bunun erməni hərbçilərinin hətta günahsız insanlara - uşaqlara, qadınlara və qocalara belə fərq qoymadan, hamıya qarşı insanlığa sığışmayan vəhşiliklər törətməkdə davam etmələrinin bariz nümunəsi olduğu, nüfuzlu beynəlxalq təşkilatların və onların nümayəndələrinin cəbhə xəttində atəşkəs rejiminə əməl edilməsi barədə tələblərinə erməni tərəfinin məhəl qoymadığı, hər gün atəşkəsi pozaraq cəbhə xəttinə yaxın kənd və qəsəbələrdə dinc əhalini hədəfə aldıqları öz əksini tapmışdır.
Bəyanatda, həmçinin dünya ölkələrinin və beynəlxalq qurumların Ermənistanın işğalçılıq siyasətinə göz yummaları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Ermənistana təzyiq göstərməmələri, bəzi hallarda ikili standartlardan çıxış etmələri yer almışdır.
Sonda sülhsevər dövlətlərin, BMT-nin, ATƏT-in, Avropa Şurasının, Avropa İttifaqının və digər təşkilatların müharibə qurbanlarının taleyinə biganə münasibətdən əl çəkərək, atəşkəsi pozan Ermənistana qarşı təsirli tədbirlər göstərmələri barədə çağırış öz əksini tapmışdır.
Verilişdə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar AZƏRTAC-ın Fransadakı xüsusi müxbiri Əsgər Əliyevin “Azərbaycan tarixinin qanı səhifələri” adlı yazısına geniş yer verilmişdir. Yazıda keçən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı dəfələrlə soyqırımı törətmələrindən ətraflı söhbət açılmışdır.
Müəllif azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalmalarına siyasi qiymətin yalnız ümummilli liderimiz Heydər Əliyevin prezidentliyi dövründə verildiyini diqqətə çatdırmışdır. Uzaqgörən siyasət və dövlət xadimi, Prezident Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə indi hər il mart ayının 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Verilişdə xalqımızın milli bayramı Novruza xüsusi yer ayrılmışdır. Aparıcılar baharın gəlişindən xəbər verən Novruzun bolluq və bərəkət rəmzi olduğunu, keçən ildən etibarən BMT tərəfindən Novruz bayramının hər il beynəlxalq səviyyədə qeyd olunması haqqında qərar qəbul edildiyini, YUNESKO-nun qeyri maddi-mədəni irs siyahısına daxil olunduğu barədə məlumat vermişlər.
Verilişdə, həmçinin son vaxtlar ölkəmizdə baş verən hadisələrdən söhbət açılmış, veriliş boyu Azərbaycan musiqisi səsləndirilmişdir.
Aparıcılar - Mustafa Alınca, Şahin Hüseynli və Elvin Abbasbəyli verilişin ərsəyə gəlməsində xüsusi əmək sərf etmişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris