DÜNYA
Fransada Milli Assambleya buraxıla bilər
Paris, 29 sentyabr, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makron pensiya islahatlarının qəbul olunmayacağı təqdirdə, Milli Assambleyanı buraxmağı istisna etmir.
AZƏRTAC xəbər verir ki, Prezident Emmanuel Makron birinci mandatı dövründə irəli sürdüyü pensiya islahatlarını yenidən gündəmə gətirib. Fikir ayrılığı və narazılıqlar doğurmuş islahatlar Milli Assambleyada da müsbət qarşılanmır.
Yerli mətbuatda bildirilir ki, Emmanuel Makron Milli Assambleyada pensiya islahatları ilə bağlı debatların nəticəsiz qalacağı və hökumət əleyhinə səs veriləcəyi təqdirdə, Milli Assambleyanı buraxacağını və yenidən parlament seçkilərinin keçiriləcəyini istisna etmir.
Xatırladaq ki, Emmanuel Makronun birinci mandatı dövründə irəli sürdüyü pensiya islahatları “sarı jiletlilər”in aylarla davam edən etirazlarına səbəb olmuşdu. COVID-19 pandemiyası və növbəti prezident seçkiləri yaxınlaşması səbəbindən pensiya islahatları gündəlikdən çıxarılmışdı. Fransa Prezidenti yenidən pensiya islahatlarının həyata keçirilməsində israrlı olduğunu bildirib. Pensiya islahatlarına görə, 2031-ci ildən fransızlar 65 yaşında pensiyaya çıxmalı olacaqlar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris