SİYASƏT
Fransada ermənipərəst deputatın növbəti iflası VİDEO
Paris, 2 mart, AZƏRTAC
Fransa Milli Assambleyasında bəzi ermənipərəst deputatların təşəbbüsü ilə Fransa-Azərbaycan münasibətlərinə xələl gətirmək üçün iki ölkə arasında siyasi, iqtisadi və mədəniyyət əlaqələri üzrə ötən il yaradılan məlumat missiyasının məruzəsi Assambleyanın prezidentinə təqdim olunub. Təqdimatdan sonra mətbuat konfransı keçirilib.
Ermənipərəst deputatlar uğradıqları iflası ört-basdır etmək üçün heç missiya üzvlərini belə mətbuat konfransına dəvət etməyiblər. Hətta erməni jurnalistlər belə mətbuat konfransında iştirak etməyiblər, axı onlar erməni lobbisinin iflasından yaza bilməzlər!
Mətbuat konfransında cəmi 2-3 jurnalist olub. Bu, ermənipərəst deputatın canfəşanlıq göstərib yaratdığı məlumat missiyasının “önəmindən” xəbər verirdi.
Ermənipərəst deputat Fransua Roşeblan missiyanın yaradılması haqqında məlumat verdikdən sonra sözü məruzəçi Jan-Lui Destana verib.
Jan-Lui Destan əvvəlcə Azərbaycan haqqında ümumi məlumat verib. O, Fransa-Azərbaycan əlaqələrini müsbət qiymətləndirib və hər iki ölkənin prezidentlərinin qarşılıqlı rəsmi səfərlərini xatırladaraq, ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Həmçinin missiya çərçivəsində ölkəmizə səfər zamanı görüşlərdə göstərilən müsbət iradədən və səmimi münasibətdən danışıb, iqtisadi, siyasi və diplomatik əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.
Məruzəçi keçən əsrin əvvəllərində ölkəmizdə qadınlara səsvermə hüququnun verilməsindən, Azərbaycanın dünyəvi ölkə olmasından və öz dünyəviliyinə sıx bağlılığından, dini azadlıq reallıqlarından söz açıb. J.L.Destan Qafqaz regionunda Azərbaycanın Fransa üçün vacib ölkə olduğunu vurğulayıb.
Məruzədə haqqında danışılmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan xalqı üçün böyük problem olduğu və onun ciddi dağıntılara gətirib çıxardığı qeyd edilib. Bu münaqişənin həllinin insan hüquqları və demokratiyadan da vacib olduğu bildirilib. Azərbaycanın Cənubi Qafqazda Fransanın ən vacib tərəfdaşı olaraq qaldığı və iki ölkə arasındakı siyasi, iqtisadi və diplomatik münasibətlərə yenidən baxılmasına heç bir ehtiyac olmadığı vurğulanıb.
Mətbuat konfransında jurnalistlərin “Azərbaycan ilə Fransa arasındakı münasibətlərlə bağlı məlumat missiyasının yaradılması fransızlar üçün çox vacib idimi?”, “Mövcud münasibətlər fransızları çox narahat edirdimi?”, “Bu, kimə lazım idi?” kimi suallarının qarşısında çətin vəziyyətə düşən Fransua Roşeblan suallara cavab verməkdən yayınıb və pərt halda tələm-tələsik zalı tərk edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris