DÜNYA
Fransada etiraz aksiyaçıları ilə polis arasında qarşıdurma olub
Paris, 5 yanvar, AZƏRTAC
“Sarı jiletlər” etiraz aksiyasının səkkizinci aktı çərçivəsində Fransanın Paris və digər şəhərlərində polis və aksiyaçılar arasında toqquşma olub.
AZƏRTAC xəbər verir ki, Parisdə bir neçə məhəllədə, xüsusilə Sen Jermen prospektində gərgin vəziyyət yaranıb. Velosiped və motosikletlər yandırılıb.
Aksiyaçılar Yelisey çölləri prospekti istiqamətində irəliləyiblər. “Etoile” meydanı mühasirəyə alınıb. Polis aksiyaçıları dağıtmağa çalışır və onları hər tərəfdən məngənə kimi sıxır. Aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edilib. Polisin cəhdlərinə baxmayaraq, aksiyaçılar Yelisey çöllərinə doğru irəliləyirlər.
Yanvarın 2-də və 3-də “Odoxa-Dentsu Consulting” şirkətinin “franceinfo” televiziya və radiosu “et Le Figaro” qəzeti üçün apardığı sorğunun nəticələrinə görə, əhalinin 72 faizi etiraz aksiyasının davam etməsinin lehinədir. Respondentlərin 75 faizi hökumətdən narazı olduğunu bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris