DÜNYA


Fransada etiraz dalğası səngimir

Paris, 7 dekabr, AZƏRTAC

Dekabrın 8-də Fransada “sarı jiletlər” aksiyasının dördüncü mərhələsi başlayır. Yerli mətbuatında bütün ölkəni əhatə edən aksiyanın daha gərgin keçəcəyi ilə bağlı məlumatlar yayılır.

AZƏRTAC xəbər verir ki, daxili işlər naziri Kristof Kastaner təhlükəsizliyi təmin etmək məqsədilə onlarla zirehli texnikanın və 90 minə yaxın polis əməkdaşının səfərbər olunduğunu, daha ciddi tədbirlər görüləcəyini bir daha bildirib.

Qeyd edək ki, Yvelines departamentinin “Mantes-la-Jolie” kommunasında 151 lisey şagirdinin diz çökdürülərək polis tərəfindən dindirilməsini əks edən video ölkədə böyük səs-küy yaradıb.

Hökumət şənbə günü baş verə biləcək təhlükələri nəzərə alaraq, aksiyanın Yelisey çölləri prospektində keçirilməsini qadağan edib. Aksiyanın Parisin şərqində, Respublika meydanında keçirilməsi məsləhət görülüb. Bununla belə, Parisdə 14 zona təhlükəli elan olunaraq, oraya getməmək məsləhət görülür.

Aksiyaçılar isə paytaxta gələcəklərini bəyan edirlər. Nümayişçilər daha çox ölkə prezidenti E.Makronun susmasından narazılıqlarını bildirirlər. Prezidentin susması onun xalqı saymaması kimi qəbul edilir. Xalqın 80 faizinin “sarı jiletlər” aksiyasını dəstəklədiyi bildirilir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.