DÜNYA
Fransada mədəniyyət işçiləri etiraz nümayişinə çıxıblar
Paris, 5 mart, AZƏRTAC
Parisdə mədəniyyət sektoru mütəxəssisləri “Odeon Paris” teatrına toplaşaraq, vəziyyətlərinin dözülməz olduğunu, kino-teatr mütəxəssislərinin Baş nazir və mədəniyyət naziri ilə birlikdə milli şura çağırılana qədər teatrı tərk etməyəcəklərini bildirirlər.
AZƏRTAC xəbər verir ki, COVID-19 əleyhinə məhdudiyyətlər çərçivəsində teatr, kinoteatr, konsert zalları, muzey kimi mədəniyyət ocaqlarının bağlanmasına etiraz edən şəxslər, martın 4-də gecə saatlarından teatra toplaşıblar. Onlar işləmək üçün şərait yaradılmasını və ya dövlət tərəfindən lazımi şəkildə kompensasiya ödənilməsini tələb edirlər.
Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan məhdudiyyətlər çərçivəsində ötən ilin oktyabr ayından ölkədə bütün teatr, kinoteatr, konsert zalları, muzeylərin bağlanması bu sektorda çalışanlar üçün problemlər yaradıb. Sadalanan mədəniyyət mərkəzlərinin tezliklə açılma ehtimalı olmadığı üçün mədəniyyət sektoru mütəxəssisləri hökumətdən kompensasiya ödənişini 2022-ci ilin avqust ayınadək uzatmağı tələb edirlər.
Mədəniyyət sektorunun minlərlə mütəxəssisi ölkənin bir çox şəhərində, eləcə də paytaxt Parisdə bu gün yerli vaxtla saat 14:00-da böyük mədəniyyət mərkəzləri qarşısında toplaşıblar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris