DÜNYA
Fransada nümayişlərdə istifadə olunan “GLİ-F4” qumbaraları qadağan edilib
Paris, 28 yanvar, AZƏRTAC
Fransada nümayişlərdə partlayıcı və gözyaşardıcı “GLİ-F4” qumbaralarından istifadə olunması qadağan edilib.
AZƏRTAC xəbər verir ki, Fransa Daxili İşlər naziri Kristof Kastaner bu haqda yerli televiziya kanalında məlumat verib.
Nazir hələ 2018-ci ildə “GLİ-F4” qumbaralarının tədricən istifadədən çıxarılacağını bəyan etmişdi. Bildirib ki, son aylar polislər bu qumbaradan istifadə etməyə məcbur qalıblar. Nümayişlərdə bədxah qrupların dağıdılması məqsədi ilə istifadə olunan “GLİ-F4” qumbaraları nümayişçilər tərəfindən yaxşı tanınmadığı üçün onlar belə qumbaraları əllərinə götürüb və nəticədə ciddi yaralanıblar. Buna görə bu qumbara istifadədən çıxarılacaq.
Qeyd edilir ki, “GLİ-F4” qumbaralarının tərkibində 165 desibeldən 5 metrə qədər güclü partlayış doğuran 25 qram tolit (TNT) var. Bu qumbaralar tərkibində tolit olmayan, pirotexniki partlayıcıdan ibarət olan “GM2L” qumbaraları ilə əvəz olunacaq.
Mətbuatın verdiyi məlumata görə isə belə qərarın qəbul edilməsinin səbəbi “GLİ-F4” qumbarlarının ehtiyatının qurtarması və daha istehsal olunmamasıdır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris