DÜNYA
Fransada region və departament seçkiləri ilə bağlı sosial sorğu keçirilib
Paris, 9 iyun, AZƏRTAC
Fransada region və departament seçkiləri kampaniyası davam edir. Ölkənin siyasi arenasında dəyişikliklər olacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, iyunun 20-də və 27-də Fransada region və departament seçkiləri keçiriləcək. Ölkədə siyasi partiyalar arasında ciddi mübarizə gedir. Seçkilərlə bağlı aparılan sosial sorğunun nəticələri regionlarda siyasi kursun əhəmiyyətli dərəcədə dəyişəcəyindən xəbər verir.
İPSOS sosial sorğu institutunun Fransa Televiziyaları (France Televisions) və Radio Frans (Radio France) üçün apardığı sorğunun nəticələrinə görə, Provans-Alp-Kot-d’Azur regionunda Milli Birlik Partiyasının namizədi Tyeri Mariyani səslərin 41 faizini toplayaraq öndədir. Mariyani seçiləcəyi təqdirdə, hökumətdə nazir iddia etməyəcəyini və yalnız seçilmiş nümayəndə kimi xalqa xidmət edəcəyini bildirib.
İl-dö-Frans, Overn-Ron-Alp, Burqon-Franş-Komte Mərkəzi-Val dö Luara, Böyük Şərq, Normandiya, Yeni Akiten, Oksitani, Yuxarı Fransa regionlarında aparılan sosial sorğunun nəticələrinə əsasən, Milli Birlik Partiyası əksər hallarda birinci, nadir hallarda ikinci yeri tutub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris