DÜNYA
Fransada “sarı jiletlər” etiraz aksiyasının 27-ci aktı başlayıb
Paris, 18 may, AZƏRTAC
Fransada “sarı jiletlər” etiraz aksiyasının 27-ci aktı başlayıb.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində Parisdə iki nümayiş təşkil olunub. Onlardan birində Yelisey çölləri prospektində, Milli Assambleya və Məryəm Ana kilsəsi ətrafında nümayiş etmək hüququnun bərpası tələb olunub, digəri isə ölkədə yanacağın qiymətinin və vergilərin artırılması əleyhinə keçirilib. Nümayişə görə paytaxtda metro stansiyaları bağlanıb.
Altı ay əvvəl yanacağın qiymətinin artırılmasına etiraz olaraq başlayan “sarı jiletlər” nümayişi, qiymət artımının qarşısını ala bilməyib, ölkədə yanacağın qiyməti nəzərdə tutulan artımdan da çox qalxıb.
“Sarı jiletlər” nümayişinin 27-ci aktının əsas episentri Nansi və Reyms şəhərləridir.
Qeyd edək ki, ölkədə etiraz nümayişləri başlayandan 2 500-ü nümayişçi olmaqla 4 245 nəfər yaralanıb, 11 nəfər həlak olub, 24 nəfər gözünü və 5 nəfər isə əlini itirib. Polis zorakılığı ilə bağlı 256 təhqiqat açılıb. Altı ay ərzində 12 107 nəfər saxlanılaraq dindirilib ki, onlardan 10 718 müvəqqəti saxlama məntəqələrinə yerləşdirilib. Yalnız dağıntılar nəticəsində 200 milyon avro ziyan dəydiyi bildirilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris