DÜNYA


Fransada son sutkada koronavirusa 10593 yoluxma qeydə alınıb

Paris, 18 sentyabr, AZƏRTAC

Fransada son sutka ərzində SARS-CoV-2 virusuna yoluxanların sayı 10 593-ə çatıb.

AZƏRTAC Fransa Səhiyyə İdarəsinin məlumatına istinadən xəbər verir ki, son həftə ərzində xəstəxanalara 3 223 koronavirus xəstəsi daxil olub. Reanimasiya şöbələrində ağır xəstələrin sayı 535-ə çatıb. Son 24 saat ərzində 84 qrup yoluxması aşkarlanıb. Ölkədə 143-ü qocalar evlərində olmaqla 896 qrup yoluxması təsdiq edilməkdədir.

Fransa Səhiyyə naziri Olivue Veran bildirib ki, virus ölkədə yenidən fəallaşıb. “Virusla yaşamağı öyrənmək lazımdır”, - deyə Səhiyyə naziri əhalini xəbərdar edib.

Lyon, Nis və Marsel şəhərlərində sanitar qaydalar daha da gücləndirilib. Marseldə vəziyyətin ciddi olduğu, reanimasiya şöbələrində hər 10 xəstədən 7-sinin koronavirus xəstəsi olduğu qeyd edilib. Xəstəxanada artıq yer olmadığından, xəstələrin 20 faizi özəl xəstəxanalara transfer edilib. Marsel xəstəxanalarında yeni tibb işçiləri işə götürülsə də, həkim və tibb bacısı çatışmazlığı var. Paris xəstəxanalarında da (AP-HP) artıq çarpayı çatışmazlığı gözlənilir.

Son sutka ərzində 50 ölüm faktı qeydə alınmaqla, koronavirus qurbanlarının ümumi sayı 31 095-ə çatıb.

Epidemioloq və biostatist Katerin Hil hesab edir ki, ölkədə vəziyyət ciddidir. Bir neçə həftədən sonra reanimasiyaya daxil olan xəstələrin gündəlik sayı 600-ə çatacaq və bu epidemiyanın pik nöqtəsi olacaq.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.