DÜNYA
Fransada ümumi nümayiş xəbərdarlığından sonra yeni pensiya rejiminə dair qanunla bağlı açıqlamalar verilib
Paris, 12 sentyabr, AZƏRTAC
70 illik sistemi bir neçə həftə ərzində yenidən qurmaq mümkün deyil. İslahatlar layihəsi hələ hazırlanmayıb, ancaq köhnə pensiya rejimi bugünkü reallığa uyğun gəlmir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Fransanın baş naziri Eduard Filip Parisdə iqtisadiyyat, sosial və ətraf mühit Şurasındakı çıxışında söyləyib.
Bildirib ki, hökumət pensiya haqqında yeni qanun layihəsi ilə bağlı vətəndaşları dinləyəcək, onlarla dialoq aparacaq. Baş nazir qeyd edib ki, mövcud pensiya rejimi demoqrafik dəyişikliklərə adaptasiya edilməyib.
Fransa baş naziri bildirib ki, pensiya haqqında yeni qanun vətəndaşlarla ilin sonunadək müzakirə ediləcək və gələn ilin yayında Milli Assambleyada səsə qoyulacaq. Pensiya haqqında yeni qanun 2025-ci ildən qüvvəyə minsə də, yalnız 2040-cı ildən tətbiq olunacaq. Beləliklə, yeni pensiya rejiminə keçid dövrü 15 il çəkəcək.
Yeni pensiya rejimində hökumət mövcud 42 pensiya rejimini ümumiləşdirərək bir ümumi rejimlə əvəz etməyi nəzərdə tutur.
Qeyd edək ki, bir neçə gün əvvəl irəli sürülən yeni pensiya rejimi ilə bağlı fikirlər əhali arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə müxtəlif peşə sahələrinin həmkarlar təşkilatları ümumi nümayişə çağırışlar ediblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris