SİYASƏT


Fransadakı diplomatlarımız erməni lobbisinin informasiya blokadasına qarşı mübarizəyə öz töhfələrini veriblər

Paris, 14 noyabr, AZƏRTAC 

Azərbaycan çoxsaylı cəbhələrdə qələbə qazanıb. Torpaqlarımızın azadlığı uğrunda mübarizə bir neçə cəbhədə gedirdi. Azərbaycanın Qarabağdakı qələbəsi bütün cəbhələrdəki qələbənin təməl daşı oldu. Ölkəmiz döyüş cəbhəsi ilə bərabər, xaricdə yaşayan erməni lobbisinin ölkəmizə qarşı yaratdığı informasiya blokadası cəbhəsində də uğurlara imza atdı.

AZƏRTAC xəbər verir ki, erməni lobbisinin yerləşdiyi Fransada diplomatlarımız lobbinin Azərbaycana qarşı yaratdığı informasiya blokadasına qarşı səylə mübarizə apardılar. Çətinliklərə baxmayaraq, diplomatlarımız Fransa mediasında Azərbaycan həqiqətlərini yaymağa nail oldular.

Fransadakı erməni lobbisi bütün səylərini Dağlıq Qarabağda gedən döyüşləri ermənilərin xeyrinə təqdim etməyə səfərbər edərək, hər cür vasitələrə əl atdı: Azərbaycanla bağlı hətta neytral olan məqalələr dərhal silinir, ölkəmizin adını çəkən xarici jurnalistlər, ölkəmiz barədə reportaj hazırlayan jurnalistlər və televiziya kanalları, deputatlar və senatorlar təhqir edildi və ölümlə hədələndi. Ancaq erməni lobbisinin jurnalistləri, parlamentariləri təhqir etməsinə, ölümlə hədələməsinə baxmayaraq, diplomatlarımızın səyləri nəticəsində bir çox mətbuat orqanı Azərbaycan həqiqətlərini işıqlandırdı. Ermənilərin açıq hədələrinə və təhqirlərinə baxmayaraq, Fransa deputatları arasındakı dostlarımız Azərbaycanın haqq işini dəstəklədilər və daim yanımızda oldular. Deputatlar arasında Jerom Lamber və Jan-Lük Reytzerin adları xüsusi qeyd olunmalıdırlar. Onlar sosial şəbəkələrdə, televiziya kanallarında erməni lobbisi ilə debata çıxaraq, Azərbaycanın öz torpaqlarının azadlığı uğrunda mübarizə apardığını vurğuladılar.

Fransadakı diplomatlarımız bu ölkənin dövlət və hökumət rəhbərlərinə və üzvlərinə, deputat və senatorlarına minlərlə məktub ünvanladılar, onlarla müsahibə, məqalələr, debatlar, görüşlər, mətbuat konfransları təşkil etdilər.

Müharibənin ilk günündən Azərbaycanın Fransadakı səfirliyi bu ölkədəki erməni lobbisinin Azərbaycana qarşı yaratdığı informasiya blokadasına baxmayaraq, yerli qəzet, jurnal, radio və televiziya kanalları vasitəsilə fransız auditoriyasını, yerli ictimaiyyəti məlumatlandırmağa nail oldular. Qarabağla bağlı fransız dilində hazırlanmış broşür lazımi ünvanlara göndərildi.

Müharibənin ilk günlərində erməni terror təşkilatı ASALA və onun gənclər qolu olan FRA Nor Seroundun üzvləri dəfələrlə səfirliyə hücumlar edib, səfirlik binasına ziyan vurublar. Erməni lobbisinin vəhşiliyinin şahidi olan, eləcə də onların mənfur niyyətini başa düşən fransız polisi PKK üzvləri ilə birləşərək demək olar hər gün səfirliyimizə hücum edən erməni daşnaklarını səfirliyin küçəsinə paralel küçəyə yığaraq onların mənfur planlarını pozdular.

Erməni terrorçuları Azərbaycan səfirliyinə təhqir dolu məktublar göndərir, telefon zəngləri edərək səfirliyin əməkdaşlarını təhqir edir və ölümlə hədələyirlər.

Uzun müddətdir Fransada yerləşmiş və ölkənin aparıcı qurumlarında özlərinə yer etmiş ermənilər ədaləti, həqiqəti boğa bilmədilər. Fransada yaşayan asalaçılar və daşnaklar müharibənin ilk günündən səfərbər olsalar da, elə orduları kimi tez sındılar. Ermənistanda olduğu kimi, lobbi yerli mətbuatda ciddi-cəhdlə yaymağa çalışdığı yalanların içində boğuldu. Fransadakı ermənilər lobbiçilik edən ASALA terror təşkilatını üzvü olan Frank Papazyanın Fransa Erməniləri Koordinasiya Şurasının prezidenti, eləcə də digər bir neçə erməni lobbiçilərinin tutduqları vəzifədən çıxarılmasına dair petisiya irəli sürüblər. Artıq Fransadakı erməni lobbisinin içəridən dağıldığı aydın görünür.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.