ELM VƏ TƏHSİL
Fransalı alim Şabran rayonundakı Çaqqallıqtəpə abidəsində aparılan qazıntılar barədə məlumatlandırılıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) professoru Bertil Lionnet Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Şabran rayonundakı Çaqqallıqtəpə ilk tunc dövrü abidəsində aparılan tədqiqatlarla tanış olub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Şabran arxeoloji ekspedisiyasının rəhbəri Səfər Aşurov abidədə aparılan tədqiqatlar və əldə olunmuş ilkin nəticələr barədə fransalı həmkarına geniş məlumat verib. Diqqətə çatdırılıb ki, ətraf ərazilərdə kəşfiyyat xarakterli qazıntılar Kür-Araz arxeoloji mədəniyyətinə aid daha bir neçə ilk tunc dövrü qədim yaşayış məskəninin olması barədə ehtimalın irəli sürülməsinə əsas verir.
Bildirilib ki, eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidəsinin tədqiqatları ölkə ərazisində Xəzər sahili istiqamətində ilk tunc dövrü Kür-Araz arxeoloji mədəniyyətinin yayılma sərhədlərini bir qədər də genişləndirərək yeni baxışların formalaşmasına əsas yaradıb.
Görüşdə bu abidənin tədqiqatları, əldə olunmuş materialların müxtəlif çeşidli analizləri və digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
B. Lionnet, həmçinin arxeoloji ekspedisiyanın orta əsr Şabran şəhəri ərazisində apardığı son tədqiqatların nəticələri ilə tanış olub.