CƏMİYYƏT


Fransalı gənclər Azərbaycana tanışlıq səfərinə gəliblər

Bakı, 7 dekabr, AZƏRTAC

Azərbaycanın Gənclər və İdman Nazirliyinin, ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə fransalı gənclərdən ibarət bir qrup tanışlıq məqsədilə respublikamıza səfərə gəlib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərdə iştirak edən nümayəndə heyətinin tərkibinə Fransanın nüfuzlu televiziya, qəzet və informasiya portallarının müxbirləri, dünya çempionları, hüquq sahəsi üzrə mütəxəssislər və digər peşə sahibləri daxildir.

Səfərin ilk günü Xalça Muzeyində olan qonaqlar qədim xalçalarımızın sirləri, bu sənətin incəlikləri barədə məlumat toplayıblar.

Sonra ADA Universitetinə gələn fransalı gənclərə prorektor Fariz İsmayılzadə universitetin fəaliyyəti barədə ətraflı məlumat verib və onları burada təhsil alan əcnəbi tələbələrlə tanış edib.

Fransalı gənclər Bakı Su İdmanı Sarayında da olublar. Sarayın direktoru Elçin Həsənov idman qurğusu barədə qonaqları məlumatlandırıb. Bildirib ki, birinci Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının su idmanı yarışları bu möhtəşəm arenada keçirilib.

Bir neçə gün davam edəcək səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunda, Milli Məclisin gənclər və idman komitəsində, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində görüşlər keçirəcək, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, digər tarixi məkanlar və görməli yerlərlə tanış olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.