Fransalı jurnalist: Azərbaycan işğaldan azad edilmiş əraziləri sürətlə abadlaşdırır
AzerTAg.az

Şuşa, 21 may, Gülay Nəzərova, AZƏRTAC
Şuşa çox füsunkar şəhərdir. Təəssüf ki, bu şəhər Avropada və Fransada çox tanınmır. Şuşada dağıntıları görmək mümkündür. Azərbaycan işğaldan azad edilmiş əraziləri böyük vəsait hesabına sürətlə abadlaşdırır. Şuşanın təbiəti füsunkardır. Bu gözəlliyi, əsrarəngizliyi görəndən sonra anlayıram ki, burada yaşayan insanlar arasından çıxmış yazıçı, heykəltəraş və musiqi sahəsində uğur əldə etmiş azərbaycanlılar bu təbiətdən ilham alıblar.
Bunu Fransada yayımlanan “Danser” jurnalının baş redaktoru Mişel Odən mayın 21-də Şuşa ilə şəhəri ilə tanışlıq zamanı AZƏRTAC-a açıqlamasında söyləyib.
Şuşada görkəmli opera müğənnisi Bülbülün ev-muzeyi ilə tanış olduğunu vurğulayan M.Odən bildirib ki, Bülbül məhz təbiətin əsrarəngiz gözəlliyindən və quşların səsindən ilham alaraq milli incəsənətin inkişafında böyük iz qoyub.
Qeyd edək ki, “Danser” jurnalı 1984-cü ildən etibarən Fransada yayımlanır. Jurnal rəqqaslar və balet həvəskarları üçün nəzərdə tutulub. Jurnalda hər ay rəqqaslar və xoreoqraflarla müsahibələr, rəqs məktəblərinin həyatı, müsabiqələrin nəticələri, rəqs haqqında kitablar barədə məlumatlar dərc olunur.
Xəbərin mətnində orfoqrafik səhv var