İQTİSADİYYAT
Fransalı qonaqlar “Bakı Ağ Şəhər”lə tanış olublar
Bakı, 24 noyabr, AZƏRTAC
Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafanın başçılıq etdiyi nümayəndə heyəti və Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “Bakı Ağ Şəhər” layihəsi ilə yaxından tanış olublar.
“Bakı Ağ Şəhər”in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqlara layihə barədə ətraflı məlumat verilib. Nəzərə çatdırılıb ki, beynəlxalq səviyyədə tanınmış layihədə yerli və xarici sərmayəçilərə də əlverişli şərait yaradılıb.
Burada salınmış “Paris evlər”i layihə ilə tanış olan qonaqların diqqətini xüsusilə cəlb edib. Nümayəndə heyətinə Ağ Şəhərin ərazisindəki Bakı Fransız liseyinin fəaliyyəti barədə də ətraflı məlumat verilib.
Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri vəzifəsinə yeni təyin edilmiş Pyer Alen Rafa Ağ Şəhərdən böyük zövq aldığını vurğulayıb.