REGİONLAR


Fransanın Azərbaycandakı səfiri Naxçıvan Dövlət Universitetində olub

Naxçıvan, 18 may, AZƏRTAC

Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qros Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, universitetin rektoru Elbrus İsayev qonaqları bu ali təhsil müəssisəsində görməkdən məmnunluğunu ifadə edib. Rektor ali təhsil ocağının tarixi, kadr potensialı və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirib ki, universitetdə 63 ixtisas üzrə bakalavr, 76 ixtisas üzrə magistr, 60 ixtisas üzrə doktorant, 24 ixtisas üzrə isə rezident hazırlığı həyata keçirilir. Ali təhsil ocağı əcnəbi tələbələrin sayına görə ölkə universitetləri arasında öncüllüyünü qoruyur.

Qeyd olunub ki, 1998-ci ildən etibarən universitetdə Fransız dili müəllimliyi ixtisası üzrə kadr hazırlığı həyata keçirilir və indiyə kimi ixtisasın 242 məzunu olub. Rektor hər il ali təhsil ocağında qeyd olunan Frankafoniya bayramından bəhs edib. Mütəxəssis hazırlığı istiqamətləri, tədrisin və elmi fəaliyyətin məzmununun təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatlar və qarşıya qoyulan strateji hədəflər barədə danışan Elbrus İsayev sürətlə modernləşən ali təhsil ocağının beynəlxalq əməkdaşlıq üzrə prioritetlərini diqqətə çatdırıb.

Universitetdə olmaqdan məmnunluğunu ifadə edən səfir Zakari Qros Azərbaycanla Fransa arasında ikitərəfli əməkdaşlıqda təhsil sahəsinin önəmli yer tutduğunu bildirib. Diplomat Fransada ali təhsil imkanları, ingilis dilində təqdim edilən proqramların davamlı artması və xarici vətəndaşlar üçün təqaüd imkanları haqqında danışıb. Qeyd edib ki, 2014-cü ildə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaradılan və uğurla davam edən UFAZ 2016-cı ilin sentyabr ayından etibarən fəaliyyət göstərir və bu universitetdə 4 texniki ixtisas üzrə tələbə qəbulu həyata keçirilir.

Görüşdə fransız dilinin tədrisi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Hərtərəfli diqqətə görə minnətdarlıq bildirən səfir universitetin xatirə kitabına ürək sözlərini yazıb.

Sonra ali təhsil ocağının Xarici dillər fakültəsində fəaliyyət göstərən Fransız dili mərkəzində olan qonaqlara məlumat verilib ki, mərkəzdə tələbələrlə dərsdənkənar məşğələlər, diskussiyalar, tədbirlər keçirilir. Dil mərkəzi bədii əsərlər, professor-müəllim heyətinin elmi nailiyyətləri, dərs vəsaitləri ilə təchiz olunub ki, müəllim və tələbələr istədikləri vaxt bu vəsaitlərdən həm tədris, həm də elmi-tədqiqat üçün yararlanırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.