SİYASƏT


Fransanın “France Culture” radiosunda Qarabağ müharibəsində Azərbaycanın qələbəsi barədə veriliş yayımlanıb

Paris, 20 fevral, AZƏRTAC

Fransanın “France Culture” radiosunda Qarabağ müharibəsində Azərbaycanın qələbəsi barədə veriliş yayımlanıb.

Verilişdə İkinci Qarabağ müharibəsinin nəticələrindən bəhs olunub. Azərbaycanın yeddi rayonunu azad etdiyi qeyd edilib. Bildirilib ki, 90-cı illərdə doğma yurdlarından qovulmuş yüz minlərlə azərbaycanlı evlərinə qayıtmağı gözləyirlər.

Fransız jurnalist Zəngilan rayonundan olan məcburi köçkün ailəsi ilə görüşüb və onların 90-cı illərdə yaşadığı faciələrlə bağlı xatirələrini dinləyib. Qeyd edilib ki, erməni silahlı qüvvələri tərəfindən evlərindən didərgin salınmış bu ailə yaşadıqları dəhşətləri unuda bilmir. Bu ailə üçün 44 günlük müharibə nəticəsində ədalət bərpa edilib. “Sadəcə, bizə məxsus olanı qaytarmağı tələb edirdik. Ədalət uğrunda mübarizə apardıq və şükürlər olsun ki, haqqımız olanı əldə etdik”, - deyə Rəsul adlı şəxs bildirir.

Jurnalist ermənilərin “Qafqazın Xirosiması”na çevirdikləri Ağdamdan da yazıb. Ağdam sakini yaşadıqları dəhşətlərdən söz açaraq, erməni silahlı qüvvələri tərəfindən qovulanda onun hamilə olduğunu və həmin vaxt ərini itirdiyini bildirib. “Ermənilər etiraf etməlidirlər ki, Azərbaycan uzun illər danışıqlar təklif etdi. Nə oldu? Onlar danışıqlara razı olmadılar. Nəticədə, xalqımız ona məxsus olanı geri qaytardı. Müharibə etmək məcburiyyətində qaldıq”, - deyə Arzu adlı şəxs qeyd edib.

“Biz düşmənçilik istəmirik. Ermənistan ilə normal münasibətlərdə yaşamaq istəyirik. Düzdür, bu asan olmayacaq, bilirik, amma səmimi münasibətlər qurmaq və inamı artırmaq istəyirik. Biz BMT Təhlükəsizlik Şurasının qətnaməsinin yerinə yetirilməsini təmin etdik. Əməliyyatlar Azərbaycan ərazisində aparıldı, Ermənistan da daxil olmaqla başqa bir ölkənin ərazisinə heç bir iddiamız yoxdur, Ermənistanın sərhədlərinə hörmətlə yanaşırıq. Ermənistan da Azərbaycanın sərhədlərinə hörmət etməlidir. Bu əsasda normal, dinc münasibətlər qura bilərik. Ermənistan və erməni xalqı bu münasibətlərdən bəhrələnə bilər”, - deyə Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib.

“Mədəniyyət Nazirliyi artıq bütün tarixi və mədəni irsin inventarlaşdırılması işlərinə başlayıb. Bu irsi bəşəriyyətin mirası kimi təsnif etmək üçün UNESCO ilə birlikdə çalışacağıq. Ola bilsin ki, bu, hər iki icmanın nümayəndələrinin barışına xidmət edəcəkdir. Məqsədimiz ərazilərimizi erməni separatçılarından təmizləmək idi, ancaq bu ərazilərdə azərbaycanlı icmanın nümayəndələri ilə birgə yaşayacaq erməni icmasının üzvləri ilə heç bir problemimiz yoxdur”. Bu sözləri isə Mədəniyyət naziri Anar Kərimov bildirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, hərbi əməliyyatlar bitib. Biz ərazilərimizi azad etmişik. Bizim üçün status məsələsi tarixin yaddaşından silinib. O, həmçinin “Dağlıq Qarabağ respublikası” deyilən bir anlayışın olmadığını, bunun Azərbaycan ərazilərində yaradılmış qanunsuz bir qurum olduğunu qeyd edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.