SİYASƏT


Fransanın Rusiyadakı səfirinə Qarabağda aparılan yenidənqurma işləri barədə məlumat verilib

Moskva, 9 dekabr, AZƏRTAC

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Fransanın bu ölkədəki səfiri Pyer Levin ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixli bəyanatlarının müddəalarının icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, söhbət əsnasında noyabrın 26-da Soçidə keçirilmiş yüksək səviyyəli üçtərəfli görüşün nəticələri müzakirə olunub.

Səfir Pyer Levi qəbula görə təşəkkürünü bildirərək, postmünaqişə dövründə, xüsusilə də Soçi görüşündən sonrakı vəziyyətə dair ölkəmizin mövqeyi ilə maraqlanıb. Polad Bülbüloğlu Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin sülh prosesinə hazır olduğunu bildirib, bu kontekstdə sözügedən bəyanatların bəndlərinin Azərbaycan tərəfindən yerinə yetirilməsi məqsədilə praktiki addımların atıldığına baxmayaraq, Ermənistan tərəfindən bu öhdəliklərin hələ də icra olunmadığını vurğulayıb. Ermənistanın mövcud reallıqla barışmalı olduğunu və regiondakı iqtisadi və nəqliyyat əlaqələrinin tezliklə bərpasının vacibliyini önə çəkən Azərbaycan səfiri, üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində fəaliyyət göstərən işçi qrupun keçirdiyi görüşləri qeyd edib və bu xüsusda, bölgədə nəqliyyat kommunikasiyalarının, o cümlədən Zəngəzur dəhlizinin ən qısa zamanda açılmasının buradakı ölkələr üçün yeni imkanlar yaradacağına, əməkdaşlıq və sülhə xidmət edəcəyinə əminliyini ifadə edib.

Soçidə baş tutmuş Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünə toxunan Polad Bülbüloğlu həmsöhbətinin nəzərinə çatdırıb ki, bu görüş Bakı ilə Yerevan arasında münasibətlərin normallaşması baxımından olduqca vacib görüş olub və məhz liderlərin birbaşa təmasları müsbət nəticə verə bilər.

Daha sonra Fransa səfiri iki ölkə arasında delimitasiya prosesinin detalları barəsində ona məlumat verilməsini xahiş edib. Polad Bülbüloğlu Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı müvafiq təmasların baş tutduğunu diqqətə çatdıraraq, ikitərəfli komissiyanın tezliklə yaradılmasının zəruriliyini qeyd edib və bu prosesin başlamasının Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində əhəmiyyətli addım olacağını önə çəkib, Azərbaycan tərəfinin bu məsuliyyətli işə hazır olduğunu bildirib.

Eyni zamanda, Polad Bülbüloğlu azad olunmuş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri haqqında ətraflı məlumat verərək, Füzuli şəhərində cəmi 8 ay ərzində beynəlxalq hava limanının inşa edildiyini, eləcə də qısa müddət ərzində yeni və müasir standartlara cavab verən “Zəfər yolu”nun istifadəyə verildiyini həmsöhbətinin diqqətinə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda Azərbaycanın səfiri fransalı həmkarına Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş “Zəfər salnaməsi” və “Qarabağ işğaldan əvvəl və sonra” kitablarını hədiyyə edib.

Fransa səfiri Pyer Levi maraqlı və faydalı görüşə görə öz təşəkkürünü bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.