MƏDƏNİYYƏT
Fransız bəstəkarının “Xocalı-613” əsərinin Bakıda təqdimatı olacaq
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 5-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında fransız bəstəkarı və “L’Amoureux” orkestrinin bədii rəhbəri Pyer Tiloyun “Xocalı-613” əsərinin təqdimatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, əsər Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri tərəfindən səsləndiriləcək.
Fransada və Avropanın digər ölkələrində artıq bir neçə dəfə ifa olunmuş bu əsərin yaranma tarixi barədə fikirlərini bölüşən Pyer Tiloy bildirib ki, 2001-ci ildə Azərbaycanda ilk dəfə olarkən Xocalı soyqırımı barədə eşidib və çox təsirlənib. O, “Xocalı-613” əsərinin 1992-ci il fevralın 25-dən 26-na gecə keçən Xocalıda qətlə yetirilmiş 613 dinc sakinin xatirəsinə həsr olunduğunu qeyd edib. Bəstəkar bu əsərin sülhə və belə faciənin bir daha törədilməməsinə bir çağırış olduğunu vurğulayıb.