MƏDƏNİYYƏT


Fransız dilində çapdan çıxmış “Nizami Gəncəvi: qəzəllər və kəlamlar” kitabının təqdimatı olub VİDEO

Bakı, 24 noyabr, AZƏRTAC

Noyabrın 24-də Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində fransız dilinə tərcümə edilmiş “Nîzâmî Gandjavî: Ghazals suivis de Aphorismes” - “Nizami Gəncəvi: qəzəllər və kəlamlar” adlı kitabın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Praktiki Ali Tədqiqatlar Məktəbinin doktoru, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin tədqiqatçısı, islamşünas alim Kərim İfrak çıxış edərək Nizami yaradıcılığından, onun əsərlərindəki ümumbəşəri ideyalardan söz açıb.

Azərbaycanda Fransız İnstitutunun icraçı direktoru Conatan Hakan Ünlü, Azərbaycan Dillər Universitetinin Fransız dili leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru Gülnarə Sadıxova Nizami irsinin özəlliklərindən danışaraq təqdimatı keçirilən kitab barədə fikirlərini bölüşüblər.

Qeyd olunub ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yubiley ili çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Nizami irsinin beynəlxalq səviyyədə təbliği məqsədilə əcnəbi dillərdə bir sıra nəşrlər çap olunub. Xarici nəşrlərdən biri, mərhum azərbaycanlı professor, filologiya elmləri doktoru Əli Musayev tərəfindən 1990-cı illərdə fransız dilinə tərcümə olunmuş Nizami Gəncəvinin 50 qəzəli və 50 kəlamından ibarət kitab layihəsidir.

Çıxışlarda vurğulanıb ki, Fransada fəaliyyət göstərən kitab mağazaları, “Fnac” və “Amazon” onlayın satış şəbəkələri üzərindən ictimaiyyətə təqdim edilən yeni nəşr fransızdilli oxucuların böyük Azərbaycan şairinin irsi ilə yaxından tanış olmasına şərait yaradacaq.

Bu ilin oktyabrın sonunda Fransada “HÉMISPHÈRES ÉDITIONS/MAISONNEUVE & LAROSE” nəşriyyatı tərəfindən çap olunmuş “Nîzâmî Gandjavî: Ghazals suivis de Aphorismes” - “Nizami Gəncəvi: qəzəllər və kəlamlar” adlı kitabın redaktorları görkəmli fransalı türkşünas, qafqazşünas alim Remy Dor və Azərbaycan Dillər Universitetinin Fransız dili leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru Gülnarə Sadıxova, "Ön söz"ün müəllifi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin həmsədri İsmayıl Səragəldin, müqəddimənin müəllifi Ümumdünya Verona Şeir Akademiyasının təsisçisi, görkəmli yazıçı Məhəmməd Nadir Aziza, Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında fəslin müəllifi islamşünas alim Kərim İfrak, müasir Azərbaycan miniatürü tərzində çəkilmiş 23 illüstrasiyanın müəllifi isə rəssam Pərnisə Əsgərovadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.