MƏDƏNİYYƏT
Fransız film yaradıcısı Azərbaycan Dövlət Yuğ Teatrında təqdimat və seminar təşkil edir

Bakı, 27 sentyabr (AZƏRTAC). Sentyabrın 28-də Azərbaycan Dövlət Yuğ Teatrında müstəqil film yaradıcısı Vinsent Mun Azərbaycanda yerli, gənc yaradıcılar, video həvəskarları üçün təqdimat və seminar təşkil edəcəkdir.
Müstəqil fransız film yaradıcısı Vinsent Mun özünün Avrasiya layihəsi çərçivəsində Azərbaycanda səfərdədir. Qeyri-kommersiya xarakteri daşıyan layihənin məqsədi Avrasiya məkanında xalqların milli-mədəni, etnik, folklor musiqisi ilə tanış olmaq və musiqi haqqında sənədli, qısametrajlı filmlər hazırlamaq və milyonlarla izləyiciləri ilə paylaşmaqdır.
Vinsent Mun Azərbaycana öz təşəbbüsü ilə gəlmişdir. O, ilk dörd gündə Bakıda musiqi sənətçiləri ilə görüşmüş, onların xalq çalğı alətlərində ifalarını lentə almışdır. İlk gündə Vinsent Mun Xalq Artisti Alim Qasımov və onun qızı - Əməkdar Artist Fərqanə Qasımovanın muğam ifalarını videolentə almışdır. Daha sonra tar, kamança, saz, balaban, tütək, zurna, nağara və digər musiqi alətlərin peşəkar ifaçılarını Beynəlxalq Muğam Mərkəzində, Dənizkənarı Milli Parkda, şəhərin digər yerlərində çəkmişdir.
Son bir neçə ildə Vinsent Mun Cənubi Amerika, Cənub-Şərqi Asiya, Afrika, Avropa, Avstraliya və Sakit Okean adalarına səfər etmiş və yerli mədəniyyət nümunələrini lentə almışdır. Ötən il Rusiya və Ukraynada uzun müddət çəkilişlər etmişdir. O, Cənubi Qafqaz ölkələrindən sonra Mərkəzi Asiyaya üz tutacaqdır.
Vinsent Mun özünün dəsti-xətti ilə seçilir. Musiqiçilərlə yaxın təmasda işləyir. Onun filmləri ancaq musiqi ilə müşayiət edilən xalq və kütləvi mərasimlərə həsr edilmişdir. Musiqinin təbiət səsləri ilə ahənginə xüsusi diqqət yetirdiyindən çəkilişlərinin çox hissəsini açıq havada, təbiətin qoynunda edir.
Vinsent Munun səfəri Azərbaycanda Fransız İnstitutu tərəfindən və bir qrup könüllü gənclər tərəfindən dəstəklənmişdir. Avrasiya layihəsinin həyata keçirilməsi zamanı heç bir maliyyə yardımı və ödənişlər olmamışdır.