MƏDƏNİYYƏT


Fransız fotoqraf Nikolas Landemardın fotosərgisi maraqla qarşılanıb

Bakı, 2 may, AZƏRTAC

Mayın 1-də İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində 3-cü “IMAGINE Avro” tolerantlıq festivalı çərçivəsində fransız fotoqrafı Nikolas Landemardın fotosərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, fotoqraf öz kolleksiyasını Fransada yaşayarkən siyasi liderlərin, teatr iştirakçılarının və Brüssel məhəllələrinin şəkillərini çəkərək toplayıb.

Sərgi barədə məlumat verən N.Landemard tədbirdə qeyd edib ki, sərgi üç hissədən ibarətdir. Birinci hissə “Fransa teatrında qaçqınların çıxışı” adlanır. Bu layihə Fransanın Leon şəhərindən başlayır. Fotoqraf teatrda çəkilişlər apararkən həm də ustad dərsləri verib. Bu teatrın özəlliyi ondan ibarətdir ki, burada səs yoxdur. Teatrda miqrantlar və qaçqınlar çıxış edirlər. Onlar fransız dilini bilmədikləri üçün ünsiyyətlərini him-cimlə qururdular.

İkinci hissənin mövzusu “Avropa siyasətçiləri” adlanır. Fotoqraf bu ad altında Avropa Komissiyası və Parlamentindəki siyasi liderlərin şəkillərini nümayiş etdirir. Belə ki, fotoqraf Brüsseldə çəkiliş apararkən Avropanın bütün nöqtələrinə toxunur. N.Landemard öz çıxışında qeyd edib ki, bəzi fotomüxbirlər müharibə ocaqlarına gedərək oradan materiallar toplayırlar. Bu mənada Avropada qalmaq məqsədə uyğundur, daha Suriya kimi qaynar nöqtələrə getməyə ehtiyac qalmır.

Sərgidə üçüncü hissənin mövzusu isə “Brüsseldə yerləşən Avropa məhəllələri”nə aiddir. Belçikalılar bu ərazini batmış məhəllə adlandırırlar. Orada vaxtilə köhnə binalar olub, ancaq onlar sökülərək yerində zövqsüz, müasir binaların tikintisinə başlanılıb. Yerli camaat da bu məhəllədə aparılan işləri uğursuz layihə adlandırıb. Get-gedə böyüyən belə məhəllələrə belçikalılar Brüsselizasiya adını verib.

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbərinin birinci müşaviri Denis Daniilidis deyib: “Mən çox sevinirəm ki, çəkdiyimiz ağır zəhmətin nəticəsində biz bir daha “IMAGINE Avro” tolerantlıq festivalını sizlərə təqdim edə bildik. Bu festival çox fərqlidir, çünki o, mədəniyyətləri görüşdürür. Əsas odur ki, festivala gələn turistlər Azərbaycana bir dəfə gəlməklə kifayətlənmirlər. Onlar Azərbaycan mədəniyyətini kəşf etdikdən sonra buraya yenidən qayıdırlar. Çünki bu festivalın məqsədi körpülər qurmaqdır. Azərbaycan tolerant bir ölkə olduğundan belə bir kommunikasiya xətlərinin yaradılmasından qürur hissi keçiririk”.

Sonra sərgiyə baxış keçirilib.

Qeyd edək ki, “IMAGINE Avro” tolerantlıq festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Cinema Plus”, “The Landmark” Biznes Mərkəzi, Nizami Kino Mərkəzi, “Bakı Metropoliteni” QSC, “Salaam Cinema”, Məhsəti Gəncəvi Mərkəzi, “Yarat” Müasir İncəsənət Mərkəzi, İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, ADA Universiteti və Venesiyanın “Ca Foscari” Universiteti tərəfindən dəstəklənir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.