Fransız qadın feysbukda Makronu “təhqir etdiyinə” görə 12 min avro cərimə ödəyə bilər
AzerTAg.az

Bakı, 311 mart, AZƏRTAC
Fransanın şimalından olan qadın özünün feysbuk sosial şəbəkəsindəki səhifəsində dövlət başçısı Emmanuel Makronu təhqir etdiyinə görə məhkəməyə verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə fransız KİV-ləri prokurorluğa istinadla məlumat yayıb.
Fransız qadın iyunda olacaq məhkəmə prosesində təqsirli bilindiyi halda həbs cəzası ilə deyil, 12 min avro məbləğində cərimə ilə üzləşə bilər. O sosial şəbəkədəki statusunda yazıb: “13:00...biz həmişə televizorda bu natəmizliyi görürük”.
Əlli yaşı olan fransız qadın 2018-2019-cu illərdə “sarı jiletlər” etiraz aksiyalarının iştirakçısı olub. Bu etirazlar Makronun birinci prezidentliyi dövründə onun nüfuzuna ciddi zərbə vurub.
Prokurorun sözlərinə görə, qadın “respublika prezidentinin təhqir edilməsində” ittiham olunur və iyunun 20-də Sent-Omerdə məhkəmə qarşısına çıxarılacaq.
Qadın ittiham barədə ilk xəbəri yayan “La Voix du Nord” qəzetinə müsahibəsində bildirib ki, “onlar məni nümunə kimi istifadə etmək istəyirlər”. Bu nəşrin Valeri adı ilə təqdim etdiyi qadın əlavə edib ki, cümə günü qapının zənginin çalınması və onu həbs etmək üçün polisin gəlməsindən şoka düşüb. O deyib: “Mən onlardan soruşdum, bu, bir zarafatdır? Mən heç vaxt həbsdə olmamışam. Mən cəmiyyətin bir nömrəli düşməni deyiləm”.
Pensiya islahatı əleyhinə aylardır ki, davam edən etiraz dalğası Fransada sosial gərginliyin artmasına səbəb olub. Makron və onun hökuməti güzəştə getməkdən imtina edirlər. Çərşənbə axşamı polislə etirazçılar arasında yeni toqquşmalar baş verib, həmkarlar ittifaqları aprelin 6-da yeni tətil və etirazların olacağını bəyan ediblər.
Xəbərin mətnində orfoqrafik səhv var