ELM VƏ TƏHSİL
Fransız şərqşünasın “Min bir gün” əsəri Azərbaycan dilində nəşr olunub
Bakı, 19 may, AZƏRTAC
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə fransız şərqşünası Fransua Peti dö la Kruanın (1653-1713) tərtib etdiyi “Min bir gün” əsəri nəşr olunub.
Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildirilib ki, müəllif bu əsərini səfər zamanı oxuduğu əlyazmalar əsasında tərtib edib. “Min bir gün” ilk dəfə 1710-cu ildə Parisdə fransız dilində işıq üzü görüb. Sonra müxtəlif dövrlərdə başqa dillərə tərcümə olunaraq yayılıb. Hazırkı kitab Osmanlı dönəminin sonunda yaşamış Həsən Bədrəddinin (1870-1926) adıgedən əsəri fransız dilindən çevirərək 1920-ci ildə İstanbulda çap olunmuş nəşrinə əsaslanır. Mətni Osmanlı türkcəsindən Azərbaycan türkcəsinə çevirib çapa hazırlayan və “Ön söz”ün müəllifi Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovdur. Nəşrin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Əliyev, redaktoru filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayevadır.
Əsər iyirmi böyük hekayət və çoxsaylı nağıllardan ibarətdir və onların hamısı kişilərin sədaqəti, vəfalılığı mövzusundadır. Nağıllar Səfəvilər dönəmində Bağdaddan tutmuş Qahirə, Şam, Kəşmir, Qəndəhar, İsfahan, Bəsrə, Mosul və hətta Tatarıstanın mərkəzi şəhəri olan Kazan da daxil olmaqla geniş coğrafi məkanı əhatə edir. Bu nağıllarda o torpaqlarda yaşayan xalqlar haqqında, eləcə də ictimai həyat, siyasi hadisələr barədə maraqlı əhvalatlar nəql edilir.
Azərbaycan dilində ilk dəfə nəşr olunan “Min bir gün” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub.