CƏMİYYƏT
Fransızdilli azərbaycanlı jurnalist Fransa mediasına müraciət edib
Bakı, 4 iyun, AZƏRTAC
Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi, www.lecarrefour.az saytının rəhbəri, fransızdilli jurnalist Zeynab Kazımova xidməti fəaliyyətini yerinə yetirərkən həlak olan jurnalistlərlə bağlı müraciət edib.
AZƏRTAC xəbər verir ki, onun fransızdilli həmkarlarına müraciətində deyilir.
“İyunun 4-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) operatoru Sirac Abışov peşə fəaliyyətlərini yerinə yetirərkən həlak olublar. Hadisə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda, Ermənistan işğalından yenicə azad edilmiş ərazidə mina partlayışı səbəbindən baş verib. Ermənistan silahlı qüvvələri Qarabağdakı və ətrafındakı yeddi rayonun ərazilərini minalayaraq Azərbaycan vətəndaşlarına qarşı cinayət əməllərini davam etdirirlər. Onlar bu hərəkətləri ilə 1949-cu il Cenevrə Konvensiyasının tələbləri də daxil olmaqla, beynəlxalq humanitar hüququn əsas prinsip və normalarını kobud şəkildə pozurlar.
Azərbaycan Hərbi Prokurorluğunun Cinayət Məcəlləsinin 100.2 (təcavüz müharibəsinin planlaşdırılması, hazırlanması, başlanması və ya başlanması), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüququn pozulması) və digər maddələri ilə cinayət işi başladığını vurğulayan jurnalist Baş Prokuror Kamran Əliyevin Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsinə, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarlığına, Amnesty International və Human Rights Watch-a rəsmi müraciət etdiyini də qeyd edib.
Jurnalist bu günə qədər erməni tərəfinin Qarabağdakı azad edilmiş ərazilərdə basdırılan mina xəritələrini təqdim etmədiyini və bunun Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi təxribat hərəkətləri olduğunu yazıb. Müraciətdə vurğulanır ki, Ermənistan beynəlxalq hüquq qarşısında götürdüyü öhdəliklərə əməl etməlidir.
Zeynab Kazımova beynəlxalq təşkilatlardan ermənilərin törətdikləri cinayətlərlə əlaqədar olaraq Ermənistan rəhbərliyinə qarşı tədbir görməsini və dünya ictimaiyyətinin bu zorakılıq hərəkətini pisləməsinin lazım olduğunu qeyd edib.
Müraciət Fransanın media orqanlarına, həmçinin fransızdilli jurnalistlərə və beynəlxalq təşkilatlara ünvanlanıb.
https://musulmansenfrance.fr/deux-journalistes-azerbaidjanais-tues-par-une-mine-au-karabakh/