DÜNYA
Fransızların əksəriyyəti ölüm hökmünün bərpasının lehinədir
Paris, 15 sentyabr, AZƏRTAC
Fransızların 55 faizi ölkədə ölüm hökmünün bərpasının lehinədir.
AZƏRTAC xəbər verir ki, “Le Monde” qəzetinin, Jan-Jore Fondunun (La Fondation Jean-Jaures) və Montan (La Montaigne) İnstitutunun sifarişi ilə “Ipsos/Sopra Steria” şirkəti sorğu keçirib.
Ötən il aparılan sorğu ilə müqayisədə (44 faiz) bu il ölüm hökmünün bərpasını arzulayanların sayı 11 faiz artıb. 2018-ci ildə isə fransızların əksəriyyəti 1981-ci ildə (51 faiz səslə) ləğv edilmiş ölüm hökmünün bərpasına müsbət cavab veriblər.
Ölüm hökmünün bərpasına müsbət cavab verənlərin 68 faizi fəhlə sinfinin nümayəndələridir.
Xatırladaq ki, Fransada ölüm hökmü sonuncu dəfə 1977-ci il sentyabrın 10-da Marseldə Həmidə Candubi barədə (Hamida Djandoubi) çıxarılıb. Ölüm hökmünün ləğvi 1981-ci ildə Fransua Mitteranın prezidentliyi dövründə Badinter qanunu ilə təsdiqlənib.
Sorğuda iştirak etmiş respondentlər siyasi partiyalara da münasibətlərinə dair suallara cavab veriblər. Respondentlər arasında 85 faiz Milli Birlik (keçmiş Front National), 71 faiz isə Respublikaçılar (LR), Sosialistlər (PS), Avropa Ekologiya-Yaşıllar partiyalarına rəğbətlərini ifadə ediblər. Sorğuda iştirak edənlərin yalnız 39 faizi “İrəli Respublika” (LREM) partiyasını dəstəkləyib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris