İDMAN
Fransua Loron: EYOF Bakı-2019 Belçika basketbol komandası üçün əla təcrübədir
Bakı, 26 iyul, AZƏRTAC
XV Avropa Gənclər Olimpiya Festivalına (EYOF Bakı-2019) hazırlığın səviyyəsi mənə çox güclü təsir bağışladı. Hər şey ən yüksək səviyyədə idi. Könüllülərin fədakar işini qeyd etməyə bilmərəm. Onların sayəsində biz əsas diqqəti yalnız oyun üzərində cəmləşdirirdik.
Qızlar arasında basketbol üzrə Belçika yığmasının baş məşqçisi Fransua Loron bu sözləri AZƏRTAC-a müsahibəsində deyib.
Belçikalı məşqçi daha sonra vurğulayıb: “Mən ilk dəfədir ki, Avropa Gənclər Olimpiya Festivalında iştirak edirəm. Bu forumda basketbolun səviyyəsi çox yüksəkdir. Rusiya, Fransa və Çexiya yığmalarının hazırlıq səviyyəsini xüsusi qeyd etmək istəyirəm. Güman edirəm ki, rusiyalı basketbolçu qızlar EYOF Bakı-2019-da qələbəyə real namizədlərdir”.