İDMAN
Frederik Vasser: Bakı uik-endi bizim üçün məyusluqla başa çatdı
Bakı, 13 iyun, AZƏRTAC
Bakıda keçirilən yürüşlərin nəticəsi “Alfa Romeo”nu qane etmədi, çünki Quanyuy Çjou texniki problemlərə görə distansiyadan çıxdı, Valtteri Bottas isə finiş xəttinə yalnız 11-ci çatdı və xal qazanmadı. Bu səbəbdən İsveçrə komandası Konstruktorlar Kubokunun beşinci sırasındakı yerini qoruyub saxlaya bilmədi və “Alpine” komandasını irəli buraxdı.
AZƏRTAC xəbər verir ki, “Alfa Romeo” komandasının rəhbəri Frederik Vasser deyib: “Bakıda bazar günü bizim üçün məyusluqla başa çatdı, çünki beş yaxşı yürüşdən sonra nəticəli çıxışların ardıcıllığı pozuldu. Heyif ki, Çjou texniki səbəbə görə oyundan çıxdı, axı o, həmin anadək bircə səhv də buraxmadan əla templə gedirdi və xal qazanmalı idi.
Çjou yaxşı nəticəyə layiq idi. Lakin bizim ən azından onun çıxışını qiymətləndirmək imkanımız var və dəqiq bilirik ki, o, irəliləyişə nail olacaq.
Yürüş Valtteri üçün ağır oldu, indi biz məhz nəyin düz olmamasını təhlil etməliyik. Uik-end boyunca biz onun bolidindən sürət əldə edə bilmədik. Monreal mərhələsinədək hər şeyi araşdırmalıyıq ki, mövsümün əvvəlindən bəri olduğumuz səviyyəyə geri dönək”.
Valtteri Bottas da bu barədə fikrini bildirib: “Biz Bakıya gələndə xal qazanmağa hazırlaşmışdıq, lakin əliboş qayıdırıq. Əlbəttə ki, uik-endin necə başa çatmasından razı deyiləm.
Yürüş müddəti mənə çox uzun göründü, çünki tempimiz kifayət etmirdi. Hesab edirəm ki, maşınla bağlı müəyyən ciddi problemlər var idi və biz bunları araşdırmalıyıq.
Artıq mən gələn həftə keçiriləcək Kanada mərhələsinə hazırlaşıram. Çoxdandır Monrealda çıxış etmirik, oraya qayıtmaq əla olacaq”.
Öz növbəsində Quanyuy Çjou deyib: “Bu gün biz finişə çatmadıq və bu, kefimizi pozur. Lakin mən çıxışımın pozitiv tərəflərini irəli çəkmək istərdim. Problemlər başlananadək yürüş uğurla keçirdi, mən səhv buraxmırdım, sürətlə gedir və xal uğrunda mübarizə aparırdım.
Bizim bəxtimiz gətirmədi. Biz baş verənlərin səbəbini araşdıracaq və daha güclü olmaqdan ötrü bundan nəticə çıxarmağa çalışacağıq”.