CƏMİYYƏT
Frensis Qarri: Azərbaycan əqli mülkiyyətin qorunması sahəsində uğurlara imza atan ölkələr sırasındadır VİDEO
Cenevrə, 11 oktyabr, AZƏRTAC
Azərbaycan əqli mülkiyyətin qorunması sahəsində uğurlara imza atan ölkələr sırasındadır. Mükəmməl əməkdaşlığa görə Azərbaycana dərin minnətdarlığımı bildirirəm.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Frensis Qarri bu fikirləri beynəlxalq quruma üzv dövlətlərin assambleyalarının Cenevrə şəhərində keçirilən 59-cu sessiyasından sonra bildirib.
AZƏRTAC-a açıqlamasında Baş direktor qeyd edib ki, Azərbaycan beynəlxalq qurumun fəal üzvüdür, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov fəallığı ilə seçilir: “Biz artıq otuz ilə yaxındır birlikdə çalışırıq və bu illər ərzində Azərbaycanda əqli mülkiyyət infrastrukturunun qurulmasında atılan addımları alqışlayırıq”.
Ötən il Azərbaycana səfər etdiyini xatırladan və bu səfərin nəticələrini yüksək qiymətləndirən F.Qarri dövlət və hökumət rəsmiləri ilə keçirilən yüksək səviyyəli görüşləri məmnunluqla qeyd edib: “Əlbəttə, bizim əməkdaşlığımız daha da dərinləşəcək və biz bu istiqamətdə addımlar atırıq. Azərbaycanın bizim təşkilata verdiyi töhfə danılmazdır”.
Qeyd edək ki, sentyabrın 30-da işə başlayan sessiya oktyabrın 9-da başa çatıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə