DÜNYA
Frontex: Son səkkiz gündə ukraynalılar Aİ ölkələrindən aktiv şəkildə çıxırlar
Bakı, 18 avqust, AZƏRTAC
Son səkkiz gündə Avropa İttifaqı (Aİ) ölkələrini tərk edən Ukrayna vətəndaşlarının miqdarı Aİ-yə gələnlərin sayından çox olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Aİ-nin sərhədlərə nəzarət üzrə Frontex agentliyinin avqustun 18-də tviterdə dərc olunan məlumatında bildirilir.
“Son səkkiz gündə Aİ-ni tərk edən Ukrayna vətəndaşlarının miqdarı gələnləri üstələyib. Biz gözləyirik ki, Aİ-Ukrayna sərhədlərini keçən insanların sayı yay mövsümü ərzində yüksək olaraq qalacaq. İdxal və ixrac isə quru sərhədləri üzərindən davam edəcək”, - deyə agentlik qeyd edib.
BMT-nin qaçqınların işləri Ali komissarının idarəsindən verilən məlumata görə, Rusiya-Ukrayna müharibəsinin başlandığı fevralın 24-dən sonra qonşu ölkələrə 10 milyon 648 min 515 nəfər gəlib. Fevralın 28-dən avqustun 9-dək isə 4 milyon 243 min 414 nəfər sərhədi əks istiqamətdə keçib.